“Əgər Makronun başı bir az işləyirsə, o bunu başa düşməlidir” - AÇIQLAMA

 16:11 16.01.2023     611

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Respublikasının Fransa Respublikasındakı səfiri Leyla Abdullayeva etimadnaməsini bu ölkənin Prezidenti Emmanuel Makrona təqdim edib.

Tədbirdə bir sıra məqamlar ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Belə ki, Leyla Abdullayevanın yaxasındakı xarı bülbül nişanı ilə yanaşı Makronun qəzəbli baxışları diqqətlərdən yayınmayıb.

Maraqlıdır, Leyla Abdullayevanın Makronla görüşə xarı bülbül nişanəsi ilə getməsi bir mesajdırmı?

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən politoloq Qabil Hüseynli bildirdi ki, Leyla Abdullayeva bu təyinat üçün çox hazırlıqlı bir kadr idi.

“Leyla xanım çox hazırlıqlı, vətənpərvər, fransız dilini çox yaxşı bilən gözəl xanımdır. Onu hər birimiz Xarici İşlər Nazirliyinin sözçüsü olaraq tanıyırdıq. Leyla xanım ölkə ictimai rəyində dərin izlər buraxmış bir diplomatdır. Fransa onun səfir təyin edilməsindən sonra Parisə gəldikdə əvvəl onu Fransa XİN-in departament müdiri qarşılayıb və onun etimadnaməsini qəbul etmək istəyib. Bu fransızlar tərəfindən yola verilən çox ciddi bir qüsur idi. Azərbaycanı təhqir etmək kimi alçaq fikir göstərmək cəhdidir. Leyla xanım orada qəbul zamanı bildirdi ki, mən etimadnaməni ölkə prezidentinə təqdim edəcəm. Leyla xanım onu da qeyd etmişdi ki, onların bu davranışları diplomatiya ilə bağlı beynəlxalq konvensiyanın tələblərinə uyğun gəlmir. Elə də oldu, Makron Leyla Abdullayevanı qəbul etməyə məcbur oldu. Açıq deyək ki, o, qələt elədiyini bir daha başa düşdü. Leyla xanımın xarı bülbül nişanı ilə həmin tədbirə getməsi Makronun diqqətini cəlb edir. Orada Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olmasına dair bir işarə, simvolik məna var. Əgər Makronun başı bir az işləyirsə, o bunu başa düşməlidir", - deyə politoloq vurğuladı.

Q.Hüseynli həmçinin əlavə etdi ki, Azərbaycan diplomatları içərisində həm BMT-də çalışan səfirimiz, həm də Fransada çalışan səfirimiz son vaxtlar çox cəsarətli addımlar atmaqda və öz işinin öhdəsindən yüksək səviyyədə gəlir:

"Bu da digər səfirlərimizə örnək olmalıdır və onlar da yuxudan ayılmalıdırlar”.

Nərmin VÜQARQIZI