Türkiyənin Gəncədəki yeni Baş konsulu fəaliyyətə başladı

 11:37 18.01.2023     236

Türkiyənin Gəncə şəhərinə yeni təyin olunmuş Baş konsulu Recep Öztop fəaliyyətə başlayıb.

Redaktor.az
xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov R.Öztopla görüşüb.

O, Baş konsula Gəncənin tarixi, mədəniyyəti və iqtisadiyyatı barədə ətraflı məlumat verib. İcra başçısı Türkiyənin Gəncədəki Baş konsulluğu ilə sıx əməkdaşlıq əlaqələrinin olduğunu, daim qardaş ölkənin yaxın dəstəyini hiss etdiyimizi qeyd edərək bu münasibətlərin bundan sonra da yüksələn xətt üzrə davam edəcəyinə əmin olduğunu bildirib.

R.Öztop Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın ən gözəl nümunələrindən olan Gəncə şəhərində xidmətə başladığı üçün qürur duyduğunu söyləyib. O, daha əvvəl Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı Baş konsulluğunda xidmət etdiyini xatırladıb və bu coğrafiyada olmaqdan məmnunluğunu vurğulayıb.

Baş konsul bu günədək Gəncə şəhərində həyata keçirilən tədbir və layihələrin bundan sonra da davam etdiriləcəyini bildirib.

Diplomata məlumat verilib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib. Bu baxımdan il ərzində Gəncə şəhərində həyata keçiriləcək tədbirlərdən danışılıb.

Görüşdə şəhərdə reallaşdırılan bir sıra infrastruktur layihələri barədə məlumat verilib, perspektivdə olan bir sıra məsələlər müzakirə olunub.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunaraq şəkil çəkdirilib.

222