"Ermənistan-Azərbaycan sərhədinə KTMT missiyasını göndərməyə hazırıq" - Lavrovdan AÇIQLAMA

 15:11 18.01.2023     649

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyasını Ermənistan-Azərbaycan sərhədinə göndərmək niyyəti hələ də qüvvədə qalır.

Redaktor.az xəbər verir ki, bunu çərşənbə günü Rusiya diplomatiyasının 2022-ci ildəki fəaliyyətinin yekunlarına dair mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Biz hələ də Ermənistan və Azərbaycan sərhədinə KTMT missiyasını göndərməyə hazırıq".

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin bildirib ki, Avropa İttifaqı missiyasının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsi Bakının razılığı olmadan əks nəticə verə bilər.

“Bizim müttəfiq olmağımıza, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının missiyasının tam hazır olmasına baxmayaraq, Ermənistan tərəfi uzunmüddətli əsasda mülki müşahidəçilər missiyasının orada yerləşdirilməsi üçün Avropa İttifaqı ilə danışıqlara üstünlük verir. Bu, Azərbaycanla sərhəddir və yəqin ki, bu missiya Azərbaycanın razılığı olmadan yerləşdirilərsə, bu, sadəcə olaraq əks nəticə verə bilər. Sərhəddə inam yaratmaq əvəzinə, əlavə qıcıqlandırıcılar yarada bilər" - Lavrov deyib.

Turan İSMAYIL