Rusiya hərbçiləri İrəvanın Laçın dəhlizi ilə mina daşıdığına dair məlumatları araşdırır - Lavrov

 15:38 18.01.2023     444

Rusiya Federasiyasının hərbçiləri Ermənistanın minaların daşınması üçün Laçın dəhlizindən istifadə etməsi ilə bağlı Azərbaycandan gələn məlumatları öyrənir.

Redaktor.az xəbər verir ki, bunu çərşənbə günü Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya diplomatiyasının 2022-ci ildəki fəaliyyətinin yekunlarına dair mətbuat konfransında deyib.

Nazir xatırladıb ki, dövlət başçılarının 9 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmalarına əsasən, Laçın dəhlizi vətəndaşların yüklərinin və nəqliyyat vasitələrinin keçidi üçün sərbəst olmalıdır və bu marşrut üzrə hərbi yüklərin göndərilməməsi ayrıca razılaşdırılıb.

"Azərbaycanlılar məlumat veriblər və bizim hərbçilər bunu öyrənirlər ki, Ermənistan tərəfi bu dəhliz boyu minalar çatdırıb. Daha sonra bu minalardan müqavilələrə zidd olaraq Azərbaycan mövqelərinin yaxınlığındakı əraziləri minalamaq üçün istifadə olunub" - o deyib.

Lavrov yaxın vaxtlarda Laçın dəhlizi məsələsinin həll olunacağına əminliyini ifadə edib.

Turan İSMAYIL