"Bundan sonra Putin özü də gəlsə, heç nə dəyişməyəcək" - Polkovnik

 17:09 18.01.2023     612

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Ukraynada Birləşmiş Qüvvələr Qrupunun komandanı təyin edilib.

Onun bu təyinatından sonra rus qoşunları Ukraynanın paytaxtı Kiyev başda olmaqla digər şəhərlərə ballistik raketlər atmağa başlayıb. Cəbhənin hər yerində qızğın döyüşlər gedir. Rusiyada belə hesab edilir ki, Gerasimov sərt komandirlik qabiliyyətinə və qeyri-standart qərarlar qəbul etmək qabiliyyətinə malikdir və bu, Ukraynada Rusiya ordusunun irəliləməsinə gətirib çıxara bilər. 

Azərbaycanlı hərbi ekspert, polkovnik Üzeyir Cəfərov isə Redaktor.az-a bildirdi ki, bundan sonra Rusiyanın Ukraynada hər hansı bir uğur əldə etməsi qeyri-mümkündür.

Onun sözlərinə görə, Rusiya artıq öz peşəkar ordusunun tam əksəriyyətini itirib:

“Bundan sonra beş Gerasimov da gəlsə, Putinin özü də döyüş əməliyyatlarına rəhbərlik etsə, heç nə dəyişməyəcək və heç nə Rusiyanın xeyrinə olmayacaq. Ona görə ki, bu gün Ukrayna ordusunun aldığı müasir silahlar, Ukrayna ordusunun peşəkar heyəti Ukraynanın uğuru ilə nəticələnməsi üçün yetərli olacaq. Özünüz də görəcəksiniz. O ki, qaldı Gerasimova Putin sadəcə olaraq Gerasimovu ona görə təyin edib ki, müharibənin uğursuzluğunu onun üzərinə yükləsin. Çünki indiyə qədər Ukraynada nə uğursuzluq olmuşdusa, Putin onu heç bir halda kiminsə üzərinə yükləyə bilmirdi və yaxud da kimisə məsuliyyətə cəlb edə bilmirdi. Ukrayna cəbhəsində Rusiya Xersonu itirdi, yəni əldə etmişdi, amma itirdi. Balaca bir hansısa şəhərin əldə edilməsi Rusiyaya nə isə verəcəkmi? Əlbəttə ki, verməyəcək. Ona görə bundan sonra Ukrayna cəbhəsində Rusiyanın hər hansı bir uğur əldə etməsi demək olar ki, mümkünsüzdür. Və mən düşünürəm ki, bunu Putin də gözəl başa düşür və Gerasimovun ora təyin olunması da heç nəyi dəyişməyəcək. Heç nə Rusiyanın istədiyi kimi olmayacaq. Məsələnin kökü bax bundadır”.

Üzeyir Cəfərov Ukraynanın Qərb tərəfindən silahlandırılması, o cümlədən "Leopard" tanklarının tədarükü ilə bağlı yaranmış vəziyyətə də toxundu. Polkovnik qeyd etdi ki, yanvarın 20-də ABŞ-ın Almaniyadakı bazasında - Ramştayn şəhərində bu məsələ müzakirə olunacaq:

“Mən sizə deyim ki, bunun çox yaxşı nəticəsi olacaq. Ona görə ki, bu gün Ukraynaya “Challenger”, “Leopard”, o cümlədən “Apache” hücum vertolyotlarının verilməsi ilə bağlı müzakirələr gedir. Mən hesab edirəm ki, bu gün Ukrayna xeyli güclənib. Rusiyanın bundan sonra hansısa bir uğur əldə etməsi bu sadəcə möcüzədir, yəni mümkünsüzdür və bundan sonra özünüz də görəcəksiniz ki, Rusiya zəifliyə-zəifliyə gedəcək. “Rusiya ordusu səfərbərlik elan edəcək, Rusiya ordusu kimləri isə 18 yaşdan 21 yaşına qədər çağırış yaşını qaldıracaq, Rusiya ordusu, nə bilim kimlərisə müharibəyə cəlb edəcək” bu cür fikirlər döyüş əməliyyatlarında heç nəyi həll etmir. Yəni Rusiyanın xeyrinə heç nə dəyişməyəcək. Mənim yanaşmam ondan ibarətdir ki, bundan sonra Ukrayna cəbhəsində fevral ayından başlayaraq Rusiya üçün daha böyük, sarsıdıcı itkilər olacaq. Hansısa bir qəsəbənin, hansısa bir şəhərin müvəqqəti itirilməsi bütün döyüşlərdə olub. Mən bayaq sizə Xersonu misal gətirdim. Yaxşı, Xerson kimi böyük bir əyaləti Rusiya əldə etmişdi. Nəticəsi nə oldu? Saxlaya bilmədi. Bu gün eyni vəziyyəti başqa şəhərlərdə də görəcəyik. Tezliklə Ukrayna cəbhəsində tamam fərqli, möhtəşəm mənzərənin şahidi olacağıq. Ukrayna öz ərazilərini, o cümlədən Krımı da işğaldan azad edəcək”.

Həmidə İbrahimova