Zahid Oruc Qərbin Azərbaycanla bağlı təhlükəli ssenarilərini AÇIQLADI

 20:34 19.01.2023     578

Xəbər verdiyimiz kimi, yanvarın 18-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov keçirdiyi mətbuat konfransında hələ də Ermənistan və Azərbaycan sərhədinə KTMT missiyasını göndərməyə hazır olduqlarını bəyan edib.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin bildirib ki, Avropa İttifaqı missiyasının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsi Bakının razılığı olmadan əks nəticə verə bilər.

“Bizim müttəfiq olmağımıza, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının missiyasının tam hazır olmasına baxmayaraq, Ermənistan tərəfi uzunmüddətli əsasda mülki müşahidəçilər missiyasının orada yerləşdirilməsi üçün Avropa İttifaqı ilə danışıqlara üstünlük verir. Bu, Azərbaycanla sərhəddir və yəqin ki, bu missiya Azərbaycanın razılığı olmadan yerləşdirilərsə, bu, sadəcə olaraq əks nəticə verə bilər. Sərhəddə inam yaratmaq əvəzinə, əlavə qıcıqlandırıcılar yarada bilər" - Lavrov deyib.

Göründüyü kimi Rusiya diplomatiyasının rəhbəri Ermənistan-Azərbaycan sərhədində Avropa İttifaqı missiyasının yerləşdirilməsindən narazıdır. O, bu məsələdə Azərbaycanın mövqeyindən də çıxış etmiş kimi görünür. 

Bəs əslində Avropa İttifaqının Ermənistana növbəti dəfə missiya göndərməkdə əsl məqsədi nədir? Rusiya bu məsələdən niyə narahatdır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Zahid Orucun sözlərinə görə, çox az hallardan biri kimi deyə bilərik ki, Lavrov haqlıdır. Deputat qeyd etdi ki, yanvarın 10-da Prezident İlham Əliyev Azərbaycan media təmsilçiləri ilə görüşdə bir qədər bağlı qapılar arxasında olan məqamları açıb:

"Gördüyünüz kimi, Avropa Birliyi missiyasını gətirmək üçün rəsmi Bakıdan da müəyyən razılıq almağa çalışıblar. Burada məqsəd nədən ibarətdir? Həqiqətən, Qərb dairələri gəlib Qafqaz sıra dağları boyunca özlərinin hərbi libaslı qüvvələrini yığıb bu şaxtalı sazaqlı çətin relyef, mürəkkəb coğrafiyada sülhü təmin etmək istəyirlər? Açıq desəm, 30 ildən artıqdır fəal siyasi həyatda olan insan kimi və uzun illər NATO-da ölkəmizi Parlament Assambleyasında təmsil etdiyim üçün tam əminlik hissi ilə deyə bilərəm ki, mən buna şübhə edirəm. Bu açıq aşkar Avroatlantik alyansın geniş miqyasda dünyanı öz ağuşuna almaq, təhsil dairələrinin yaradılması, bölüşdürmə, dünyanın resurslarını ələ keçirmə planının tərkib hissəsidir. Amma Azərbaycan tərəfi prezident İlham Əliyevin sərt iradəsi hesabına buna razılıq verməyib. Ondan sonra gördüyünüz kimi, yalnız Ermənistan tərəfinin istəyindən iki aylıq bir müddət üçün bölgəyə gəldilər. Əvvəlcə dövriyyəyə o informasiya çıxarıldı ki, bunlar həmişə qalacaqlar. Sonradan Azərbaycan tərəfinin bu məsələ ilə bağlı davranışlarını, o cümlədən Rusiyanın Gümrüdəki hərbi qüvvələrini görüb bir qədər sanki geri çəkildilər. Amma sonra ortaya çıxdı ki, bu manevr imiş, yəni prosesi öz istədikləri gedişatda, ssenaridə saxlamaq üçün müəyyən taktiki geri çəkilmədir”.

Zahid Oruc əlavə etdi ki, Ermənistan tərəfi xarici işlər naziri Ararat Mirzoyanın və o cümlədən Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryanın dilindən Avropa İttifaqı müşahidəçilərinin çox məhsuldar işlədiyini bəyan edib.

“Yəni indi atəşkəs ara-sıra pozulurdu, amma bu nə qədər gündəlik və intensiv xarakter daşıyırdı ki, onlar minlərlə atəşin, Ermənistana vurulan zərbələrin qeydiyyatını apara, uçotunu tərtib edələr. Siz bilirsiniz ki, bu ssenari nə deməkdir? Yəni həmin müşahidə missiyası qayıdır Avropaya, orada Azərbaycan əleyhinə qətnamələr və qərarlar qəbul olunur, sonra Fransanın yardımı ilə bunu BMT-yə çıxarırlar və orda Azərbaycanın mühakiməsini təşkil edirlər. Bundan sonra BMT orduları, NATO qüvvələri regiona gəlir. Əsas hədəf budur. Yəni məsələ Rusiyanı Qafqazdan çıxarmaq, Amerika başda olmaqla Qərbi bölgəyə gətirmək ideyasıdır. Ona görə də Lavrov bunu yaxşı başa düşür ki, söhbət Rusiyaya qarşı ikinci cəbhənin, İran əleyhinə üçüncü cəbhənin, Türkiyənin maraqları burada oturuşmasın deyə dördüncü cəbhənin, hələ üstəlik, beşinci də bütövlükdə Qafqazlara sahib olmaq planı belə hazırlanır”,- deyə o vurğuladı.

Parlamentarinin fikrincə, Ermənistanın istəyi Zəngəzurda ABŞ hərbi bazalarının yerləşdirilməsidir.

“Ancaq bilir ki, bu, İranla münasibətlərə necə təsir edəcək. Və təəssüf ki, Tehran hakimiyyəti də prosesi yanlış hesabladığına görə, Qərb dairələri bölgəyə daha çox gəldi. Söhbət hərbi missiyalardan gedir. Mən onları qətiyyən mülkü müşahidəçi hesab etmirəm. Cənab prezident xatırlatdı ki, 2005-ci ildə ölkəmizin təkidi ilə ATƏT-in monitorinq missiyası o vaxt işğal olunan əraziləri müşahidə etməli, sonra yekun bir hesabat tərtib etməli və onun beynəlxalq qiymətləndirilməsi aparılmalı idi. Həmin müşahidənin ikisində də iştirak edənlərin bəziləri indi gəliblər bizə Göyçə dağından binoklla baxmağa. Amma o dövrdə həmin ərazilərə getmələrindən heç nə tərtib edib heç nə ortaya qoymadılar. Necə yəni onlar dağıdılmış əraziləri görməmişdilər? Axı o yerləri ziyarət etmişdilər və insanlıq adına bütün cinayətləri orda fiksasiya etməyənlər gəlib regionda ədalətli hakim olacaqlar? Mən buna şübhə edirəm. Bu regiona Ukrayna savaşında olduğu kimi qlobal toqquşmanı gətirmək istəyirlər. Müharibə dövründə də Paşinyan bunu istəyirdi. O çalışırdı ki, Fransa hərbi qüvvələri hansısa bir yolla bura daxil olsun, amma nə adla, nə səbəblə, nə əsasla, kimin mandatı əsasında? Axı biz Fransaya qarşı müharibə etməmişik" -  deyən Zahid Oruc ona görə də hesab edir ki, bu məsələ əsasında Azərbaycanın Türkiyə və Rusiya monitorinq mərkəzindən kənarda əlavə missiyaların gəlməməsi üçün fəaliyyətləri sinxron olacaqdır:

"Bu, bizim mənafelərə uyğundur. Azərbaycan bölgənin çoxmillətli qüvvələr adı altında nüvə silahının partlayışı effekti doğuran daha çox qüvvələrin üz-üzə gəlib burada durmasını istəmir. Çünki dərhal İran hərəkətə keçəcək. Sonra Türkiyə özünün real hərbi qüvvələrini Azərbaycanı qorumaq üçün göndərəcək. Ardınca NATO-nun eimssarları bölgəyə müxtəlif terror qruplaşmaları göndərəcək”.

Nərmin VÜQARQIZI