"Prezident Davosda erməni yalanının qarşısını aldı" - Deputat

 15:59 20.01.2023     773

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin yanvarın 18-də Davosda Litva Prezidenti Gitanas Nauseda ilə görüşü zamanı Laçın-Xankəndi yolunda baş verən hadisələr barədə fikir mübadiləsi aparılıb.

Dövlətimizin başçısı Ermənistanın beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə Laçın yolundakı hadisələrlə əlaqədar manipulyasiya ilə məşğul olduğunu və yalan məlumatlar əsasında guya yolun bağlı olduğunu iddia etdiyini deyib. Prezident İlham Əliyev yolun mülki şəxslər və mülki təyinatlı yüklərin keçidi üçün açıq olduğunu, həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə humanitar yüklərin sərbəst hərəkətinin təmin edildiyini bildirib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu qeyd etdi ki, Davos platformasını Azərbaycan Prezidenti hər zaman həm də həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün çox uğurla istifadə edib.

“Bu dəfə də təmaslar zamanı keçirdiyi görüşlərdə ölkə prezidenti Cənubi Qafqaz regionunda bir çox məqamlarla bağlı Azərbaycanın mövqeləri ilə bağlı məlumatları, reallıqları diqqətə çatdırıb. Bunlardan biri də Litva prezidenti ilə görüş zamanı Azərbaycan prezidentinin Laçın yolu ilə bağlı Ermənistanın manipulyasiyalar etdiyini qeyd etməsidir. Ölkə başçısı vurğulayıb ki, Laçın yolu mülki şəxslər və mülki yüklər üçün açıqdır. Həm də Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə humanitar yüklər sərbəst şəkildə yoldan keçirilir və Ermənistanın Laçın yolunun bağlı olması ilə bağlı manipulyasiyaları təbii ki, dünya ictimaiyyətinin çaşdırılmasına hesablanıb. Hesab edirəm ki, ölkə prezidenti Davos Forumu platformasında bu məsələyə aydınlıq gətirməklə bir daha erməni yalanının qarşısını əsaslı şəkildə almış oldu. Ermənistan tərəfi təkcə Laçın yolu ilə bağlı yox, əksər məqamlarla bağlı dünya ictimaiyyətinin çaşdırılması istiqamətində məlumatlar yayır. Laçın yolundakı hadisələrlə bağlı da manipulyasiyalar etmək cəhdi, hesab edirəm ki, elə birbaşa ölkə prezidenti tərəfindən uğurla alınmaqdadır”, - deyə o bildirdi.

Nərmin VÜQARQIZI