“Ermənilər Rusiya tərəfindən yüksək səviyyədə cavablarını alacaqlar” - Deputat
Avropa İttifaqı (Aİ) iki il müddətinə Ermənistan və Azərbaycan sərhədinə 100 müşahidəçidən ibarət yeni missiya göndərmək niyyətindədir.
Məlumata görə, İrəvandakı hakimiyyətlə müşahidəçilərin iştirakının zəruriliyi ilə bağlı anlaşma əldə olunub.
Qeyd edilib ki, müvafiq missiya layihəsi təsdiq olunmaq üçün Brüsseldəki siyasət və təhlükəsizlik komitəsinə göndəriləcək.
Maraqlıdır, Azərbaycan-Ermənistan sərhədində belə bir missiyaya ehtiyac varmı?
Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, belə bir müşahidə missiyasına birmənalı olaraq ehtiyac yoxdur.
“Ancaq tarix boyu xəyanətkarlıq, satqınlıq, fitnəkarlıqla məşğul olanlar buna ehtiyac duyurlar ki, guya Avropa İttifaqının komissiyası gəlib burda nə isə edəcək, nəyəsə nail olacaqlar. Ancaq məsələ burasındadır ki, o komissiya bir müddət gəldi, o ərazilərdə 2 ay süləndilər, sonra getdilər. Onun Azərbaycana heç bir aidiyyəti yoxdur. Kim dəvət edirsə, hansı məqsədlə dəvət edirsə, həmin missiya onların xahişi ilə gəlirlər. Azərbaycan ərazisində onların heç bir işi yoxdur. Azərbaycana heç bir aidiyyəti yoxdur. Azərbaycana gəlib burada işlərimizə qarışmağa onların haqqı, hüququ yoxdur. Çünki biz belə bir tələb, xahiş etməmişik ki, kimsə gəlib bizim ərazimizdə müşahidə aparsın. Ermənistan çağırır, gəlsinlər Ermənistan ərazisində nə edirlər, etsinlər”, - deyə deputat qeyd etdi.
Millət vəkilinin sözlərinə görə, fitnəkar, xəyanətkar ermənilər bir şeyi yaddan çıxarırlar ki, tarix dövründə ilk dəfə dünyanın müxtəlif ərazilərindən erməniləri bir araya yığıb gətirib dədə-baba torpaqlarımızda yerləşdirən, onlara dövlət yaradan Rusiya olub:
“Çar Rusiyasından sonra da onları qoruyub saxlayan, həmişə müdafiə edən Sovetlər İttifaqı oldu. Sovetlər İttifaqından sonra da bunları həmişə himayə edən, müdafiə edən, vaxtilə bizim torpaqlarımızın 20 faizini işğal edib bunlara bağışlayan da yenə SSRİ-dən sonrakı Rusiya Federasiyası olubdur. Yəni demək istəyirəm ki, tarix boyu onları qoruyan, saxlayan, müdafiə edən, bunlara dövlət quran, Rusiya kimi bir dövlətə bu gün arxa çevirib xəyanət edir və üzlərini Avropaya tərəf çevirirlər. Təbii ki, Rusiya Federasiyası buna biganə qalmayacaq. Bu məsələ ilə bağlı ermənilər Rusiya tərəfindən kifayət qədər yüksək səviyyədə cavablarını alacaqlar”.
Elman Məmmədov bildirdi ki, Avropa İttifaqı Fransa kimi, Makron kimi siyasət yürüdən bir neçə dövlətin, bir neçə nəfərin barmağı, fitvası ilə oturub-durur.
“Avropa Parlamentinin çıxardığı müəyyən qərar, qətnamə, o komissiyanın gəlməsi və sair hesab edirəm ki, nə Avropaya hörmət gətirəcək, nə də ermənilərə bir köməyi olacaq. Biz öz siyasətimizi yürüdürük, Avropa İttifaqı ilə normal münasibətlərimizi saxlamağa çalışırıq. Bu istiqamətdə işlərimizi aparırıq və bizim ərazimizdə də o komissiyanın heç bir işi yoxdur”, - deyə deputat vurğuladı.
Nərmin VÜQARQIZI