Azərbaycan Ermənistana qarşı ATƏT-in iclasını çağıra bilərmi? - Tofiq Zülfüqarovdan AÇIQLAMA

 16:56 23.01.2023     681

Xəbər verdiyimiz kimi, yanvarın 18-də Vyanada Ermənistanın təşəbbüsü ilə ATƏT Daimi Şurasının növbədənkənar iclası keçirilib. İclasda Xankəndi-Laçın yolunda azərbaycanlı ekoloqların ölkənin təbii sərvətlərinin talan edilməsinə qarşı dinc etiraz aksiyası keçirməsi ilə bağlı vəziyyət müzakirə olunub.

Maraqlıdır, Azərbaycan da ATƏT Daimi Şurasının iclasını çağıra bilərmi və orada Ermənistanın yer üzündən sildiyi şəhərlərimizlə bağlı müzakirə aparıla bilərmi? Əgər bu mümkündürsə, o zaman dövlətimiz nə üçün belə bir addım atmır?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Azərbaycanın keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov qeyd etdi ki, ATƏT-ə üzv olan istənilən ölkə, istənilən mövzunu qurumun Daimi Şurasının iclas müzakirələrinə daxil edə bilər.

“Amma bəllidir ki, müzakirə, onun hüquqi nəticələri demək olar ki, yoxdur. Dəfələrlə Azərbaycanın təşəbbüsü ilə müxtəlif məsələlər müzakirə edilib, amma heç bir nəticə yoxdur. Ümumiyyətlə, ATƏT bir çox hallarda məşvərət funksiyası daşıyır. Çünki orada tam olaraq hər bir üzvün veto hüququ var. Ona görə də, qərarlar qəbul edilmir”, - deyə o, bildirdi.

Keçmiş nazir vurğuladı ki, bu istiqamətdə müzakirələr aparmaq olar:

"Təbliğat mübarizəsi fonunda bu və ya digər tədbirlər həyata keçirilə bilər. Baxır harada sərfəlidir, orada buna bənzər tədbirlər keçirilir. Təsiredicilik baxımından bu cür müzakirələr heç nə vermir. Amma təbliğat üçün istifadə etmək, bu cəhətdən müsbət nəticə əldə etmək olar. Amma bu qərarı, əlbəttə ki, Xarici İşlər Nazirliyinin əməkdaşları daha yaxşı bilər ki, hansı təşkilatlar daha effektlidir”.

Nərmin VÜQARQIZI