"Aİ Şurasının qərarı münaqişəni dərinləşdirməkdən başqa heç nəyə xidmət etmir" - Deputat

 19:17 23.01.2023     659

Xəbər verdiyimiz kimi, Avropa İttifaqı Şurası Ermənistana iki illik mülki missiya (EUMA) göndərməklə bağlı qərar qəbul edib. Bildirlir ki, missiya göndəriləcəyi ölkə ilə Azərbaycan sərhədindəki vəziyyəti izləyəcək.

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Sabir Rüstəmxanlı bildirdi ki, bölgədə Avropa İttifaqının hansısa missiyasına heç bir ehtiyac yoxdur:

Millət vəkili qeyd etdi ki, ATƏT-in Minsk qrupu 30 ildə münaqişənin həlli ilə bağlı heç bir iş görmədi: 

"Minsk qrupunun üç üzvü həm Rusiya, həm Fransa, həm də ABŞ daimi olaraq ermənipərəst siyasət yürütdülər, məsələyə ikili standartla yanaşdılar. 30 ildə münaqişənin həlli istiqamətində turist qrupu kimi onların səfərləri, dünyanın müxtəlif guşələrində görüşləri heç bir hərəkət, heç bir yenilik gətirmədi. Onlara mən vaxtı ikən turist qrupu demişdim. Onlar əksinə, məsələni daha da dərinləşdirdilər. Burada bir cür, İrəvanda bir cür ziddiyyətli bəyanatlarıyla çıxış etdilər. Bunun xeyri olmadı. BMT-nin 4 qətnaməsində irəli sürülən fikirlər və tələblər Azərbaycanın müzəffər ordusu tələbi ilə yerinə yetirildi. Həmin tələblərdə də ermənilərin işğal etdiyi ərazilərdən çıxması tələb olunurdu. Biz o əraziləri ermənilərdən təmizlədik. Bu gün də Avropa İttifaqının və yaxud da ATƏT-in hər hansı missiyasına bu bölgədə ehtiyac yoxdur. Bu bölgədə qəsdən münaqişəni dərinləşdirmək istəyirlər. Guya Azərbaycan Laçın yolunu bağlayıb, guya burada yaşayan 40 min ermənini biz blokadaya almışıq. Bu cəfəngiyatdır. Otuz ildə bir milyon insan oradan qovulmuşdu. Onu bu gün xatırlamırlar. ATƏT-in, Avropa İttifaqının, digər beynəlxalq qurumların bu dağılmış yurdlarla bağlı, onların bərpası ilə bağlı hansı addımı var? Nə iş görüblər?"

Sabir Rüstəmxanlı Avropa İttifaqı Şurasının qərarını pisləyərək dedi ki, Azərbaycan öz torpaqlarını işğalçılardan təmizləyib, sərhədləri müəyyənləşdirmək üçün dəfələrlə çağırış edib.

"Əgər bunlar köməklik etmək istəyirlərsə, sərhədlərin müəyyənləşməsinə kömək edə bilərlər. Xəritələr, tarix, keçilən yollar, hər şey ortadadır. Hər şey məlumdur. Yoxsa durub təzədən bu dəstəklə ora bura getməyin heç bir mənası yoxdur. Bunlar ancaq sərsəmləmədir, münaqişəni dərinləşdirməkdən başqa heç nəyə xidmət etmir. Ən optimal yol  Azərbaycanla Ermənistanın danışıqlarının davam etdirilməsi, 2020-ci ilin noyabr ayında bağlanmış anlaşmanın maddələrini yerinə yetirməkdir. Və bir də Brüssel görüşləri olub. Hələ bu görüşlər nəticə verməmiş bölgəyə hansısa missiya göndərmək istəyirlər? Ona görə bu yolverilməz bir hadisədir", - deyə millət vəkili bildirdi.

Həmidə İbrahimova