Ermənistan sülh danışıqlarını dayandırıb

 22:48 23.01.2023     311

Qarşıdan gələn sammit haqında danışmaq istəyirdim. Ancaq erməni deputat məni yenidən məcbur edir ki, geri dönərək reallığı təqdim edim. Erməni deputatın verdiyi məlumat tamamilə yalandır və gündəlikdən kənar olan məsələdən danışdı. İki il əvvəl biz ədaləti bərpa etdik və torpaqlarımızı işğaldan azad etdik.

Redaktor.az xəbər verir ki, bu fikirləri AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov erməni deputatın yalan dolu çıxışına cavab olaraq deyib.

“Erməni həmkarımıza xatırlatmaq istəyirəm ki, Azərbaycan torpaqlarının yarısı Ermənistan tərəfindən işğal edilmişdi. Bu işğal nəticəsində bir milyon qaçqın və məcburi köçkünümüz oldu və bu günədək olmaqdadır. Onlar doğma torpaqlarına dönməyi gözləyirlər, çünki azad etdiyimiz torpaqlarımız, onların doğma yurdu erməni silahlı qüvvələri tərəfindən tamamilə minalanıb. Məcburi köçkünlər doğma yurdlarının erməni minalarından təmizlənməsini gözləyirlər, ermənilərin basdırdıqları minalarına görə yurdlarına qayıda bilmirlər. Bu yaxınlarda da bir neçə azərbaycanlı bu minaların qurbanı oldu.

Yanvarın 26-da AŞPA-da bu dəhşətli problemə - erməni minalarına dair tədbir təşkil edəcəyik və sizin hamınızı bu tədbirə dəvət edirik”, - deyə S.Seyidov erməni deputata yanlış məlumatlara son qoymağı bildirib və avropalı deputatları erməni minalarının işğaldan azad edilmiş torpaqlarımızda yaratdığı fəsadlarla tanış olmaq üçün Azərbaycanın təşkil etdiyi tədbirə dəvət edib.

“Son 2 il ərzində sülhün bərpası uğrunda Azərbaycanın səylərini, eləcə də bu istiqamətdə gördüyü böyük işləri erməni həmkarımızın hələ də başa düşməməsinə təəssüflənirəm. Ermənistan sülh danışıqlarını dayandırıb və beynəlxalq ictimaiyyəti yanlış məlumatlarla çaşdırmağa cəhd edir - Laçın dəhlizinin blokadası, digər dəhşətli hadisələr. Belə uydurma provokasiyalar əslində erməni deputatların qorxusunu əks etdirir.

Onlar hakimiyyətlərini itirməkdən qorxurlar, xalqa sülhü bərpa etməyi vəd edirlər, ancaq əslində, onlar bu vədi yerinə yetirməyə qadir deyillər. Onlar azərbaycanlılarla masa arxasında oturub, danışmağa, regionun gələcəyini müzakirə etməyə qadir deyillər. Bütün bu işlərlə məşğul olmaq əvəzinə, Qarabağda yaşayışla bağlı provokasiya ilə məşğul olurlar. Qarabağda indi Avropa İttifaqının, eləcə də ABŞ-ın sanksiyaları altında olan rus oliqarx Vardanyan peyda olub. Onlar bu Vardanyandan da qorxurlar. Bəli, çünki bu Vardanyan hakimiyyətə gəlmək istəyir, ancaq Qarabağda yox, Ermənistanda hakimiyyətə gəlir. Ona görə erməni deputatlar belə təlaşdadırlar”, - deyə Azərbaycan nümayəndə heyətinin rəhbəri avropalı parlamentarilərə real vəziyyəti izah edib.

“Buradakı erməni həmkarlarımıza üz tutub deyirəm ki, əgər siz sülh istəyirsinizsə, millətinizin gələcəyini düşünürsünüzsə, beynəlxalq təşkilatlara yalvarmağa son qoyun. Bəsdir! Artıq hər kəs sizin yalvarışlardan cana doyub. Azərbaycanla birlikdə regionda davamlı sülh haqqında düşünün”, - deyə S.Seyidov erməni deputatlara beynəlxalq təşkilatları da cana doydurduqlarını xatırladıb.

Qeyd edək ki, qış sessiyasının açılışında Səməd Seyidov cari debatlara salınmış “Laçın dəhlizinin blokadasının humanitar nəticələrinə reaksiya” adlı debatın başlığına da etirazını bildirərək, Laçın dəhlizinin açıq olduğunu və erməni deputatların yanlış məlumat verdiyini deyib. Laçın dəhlizində gediş-gəlişə heç kimin mane olmadığını diqqətə çatdırıb.