“Bütövlükdə parlamenti şübhə altına almaq səhv yanaşmadır” - Ceyhun Məmmədov

 21:40 25.01.2023     455

“Qeyd etmək lazımdır ki, bütövlükdə Azərbaycanın parlamentinin fəaliyyətini şübhə altına almaq, eləcə də seçkilərin qeyri-demokratik keçirildiyini söyləmək hesab edirəm ki, düzgün yanaşma deyil”.

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov həmkarı Erkin Qədirlinin Azərbaycanda parlament seçkilərinin qeyri-demokratik keçirilməsi ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.

C.Məmmədov bildirib ki, parlament Azərbaycan xalqını təmsil edən bir qanunverici orqandır və onun kifayət qədər səmərəli fəaliyyəti var.

“Bu da danılmaz faktdır ki, Milli Məclis Azərbaycan parlament diplomatiyasını da uğurla həyata keçirir. Bu baxımdan belə bir açıqlama verilməsini kökündən yalnış hesab edirəm. Bu gün parlament Azərbaycan xalqının iradəsini ifadə edir və fəaliyyətini çox normal şəkildə qurub. Buna görə də seçkilərin qeyri-şəffaf keçirildiyi barədə fikirləri düzgün hesab etmirəm”.

Millət vəkili əlavə edib ki, deputatlar öz üzərlərinə düşən missiyanı layiqincə yerinə yetirirlər.

“Bu gün parlament xalqımızın inkişafı, dövlətimizin güclənməsi, müstəqilliyinin möhkəmlənməsi üçün mühüm addımlar atır. Ona görə bu məsələdə hər kəs açıqlama və bəyanat verərkən diqqətli olmalı, yalnış fikirlərdən uzaq olmalıdır. Əlbəttə, hər kəs öz şəxsi fikrini bildirməkdə azaddır. Ancaq bu o demək deyil ki, bütövlükdə parlamentin fəaliyyətini şübhə altına ala bilər”.

Tunar Altunbay