“Bu xain hücumun baş verməsində İran hakimiyyəti günahkardır” - Deputat
Xəbər verdiyimiz kimi, bu gün səhər saat 08.30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edilib.
Hadisə zamanı Azərbaycan səfirliyinin mühafizəsinə cavabdeh olan Orxan Əsgərov həlak olub. Hadisə nəticəsində daha 2 mühafizə əməkdaşı yaralanıb.
Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Razi Nurullayev bildirdi ki, bu xain basqın Azərbaycan İran münasibətlərinə ciddi təsir göstərə bilər.
“İranda Azərbaycan səfirliyinə qarşı olan bu xain basqını pisləyirəm. Bu xain hücumun baş verməsində İranın hazırkı hakimiyyəti günahkardır. Çünki artıq neçə aylardır ki, İranın rəsmi şəxslərinin dilindən Azərbaycana qarşı hədiyanlar, nifrət nitqləri yağdırılır. İran cəmiyyətinin insanları Azərbaycana qarşı nifrət qismində tərbiyə edilir. Azərbaycana qarşı nifrət dolu təbliğat aparılır. İranın sosial mediasında, rəsmi dövlət qəzetlərində, televiziya kanallarında Azərbaycana qarşı nifrət dolu təbliğatları davam etdirilir. Azərbaycan düşmən obrazında İran cəmiyyətinə təqdim edilir. Bunun da nəticəsində təbii ki, Azərbaycana qarşı nifrət bəsləyən insanlar əmələ gəlir. Bu təbliğatın toruna düşənlər olur. Bu xain hücumda şəhid verməyimiz də İranın bu cür təbliğatının və Azərbaycanın simasında düşmən obrazının yaradılmasının nəticəsidir. Bu hadisə birbaşa bu təbliğatın nəticəsidir. Ona görə də mən çox üzgünəm. Şəhidimiz Orxan Əsgərova Allahdan rəhmət diləyirəm, yaxınlarına başsağlığı verirəm. Yaralananlara da şəfalar diləyirəm”, - deyə o, qeyd etdi.
İranın məqsədinə gəlincə isə deputat vurğuladı ki, məsələ ilə bağlı rəsmi açıqlama olmadığına görə, nəsə demək hələ çox çətindir:
“Amma bir məsələ aydındır ki, İran dövləti Azərbaycan səfirliyinin təhlükəsizliyini təmin etməyib. Çünki İran da gözəl bilirdi ki, bu cür təbliğatın nəticəsində, bu cür nifrətin qarşılığında nələrsə ola bilər. Azərbaycan səfirliyinin təhlükəsizliyini təmin etməyibsə, bunu diqqətə almayıbsa, bu artıq müəyyən şübhələr doğurur”.
Nərmin VÜQARQIZI