"İranla diplomatik münasibətlər kəsilə bilər" - Politoloq
“Bu beynəlxalq münasibətlərdə, diplomatiya tarixində olan şeydir. Hər hansı qruplar və ya təxribatçılar tərəfindən ölkənin səfirliyinə hücum olunması mümkündür. Bunun çox sadə həlli var. İranın ali dini rəhbəri təəssüf hissini bildirməli, İran hökuməti Azərbaycandan üzr istəməli, ali dini rəhbər canilərin tapılması və cəzalandırılması barədə göstəriş verməli və ölənlərin ailələrinə başsağlığı verməlidir. Bununla da diplomatik insident həllini tapır. Yox, əgər bunları etməsə, demək bu, çox mənfi bir hadisədir”.
Bu fikirləri Redaktor.az-a İrandakı səfirliyimizə silahlı hücumla bağlı danışan politoloq Zərdüşt Əlizadə bildirib. Onun sözlərinə görə, bundan sonra iki dövlət arasındakı diplomatik əlaqələr İranın rəsmi münasibətindən asılıdır.
“Baxır, onlar necə münasibət bildirəcək. Əgər mən dediyim kimi, ali dini rəhbər üzr istəsə, təəssüfünü bildirsə, cinayətkarı cəzalandırsa, insident bitmiş hesab olunur. Yox, əgər bunları etməsə, demək bu, İranın rəsmi dairələrinin siyasətidir. Bu, artıq ciddi münaqişəyə səbəb olacaq. Ola bilər, hətta diplomatik münasibətlər kəsilsin. Nəticələr Xamneyidən asılıdır”.
Xatırladaq ki, bu gün səhər saat 08.30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edilib.
Hadisə zamanı Azərbaycan səfirliyinin mühafizəsinə cavabdeh olan Orxan Əsgərov həlak olub. Hadisə nəticəsində daha 2 mühafizə əməkdaşı yaralanıb.
Nərmin VÜQARQIZI