Ukrayna XİN Azərbaycanın İrandakı səfirliyinə hücumu pislədi

 12:09 27.01.2023     187

Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pisləyib.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna XİN-in mətbuat katibi Oleq Nikolenko tviterdə yazıb.

“Ukrayna Azərbaycanın Tehrandakı səfirliyinə bu gün bir nəfərin ölümü və bir neçə təhlükəsizlik əməkdaşının yaralanması ilə nəticələnən hücumu qətiyyətlə pisləyir. Qurbanın yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə sağalmasını diləyirik”, - paylaşımda bildirilib.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.

Məlumata görə, Azərbaycan səfirliyinə hücum edən şəxs saxlanılıb.