"İran özünün layiqli cavabını alacaq" - Vitse-spiker
Məlum olduğu kimi, bu gün Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edilib. Hadisə nəticəsində Azərbaycan səfirliyinin mühafizəsinə cavabdeh olan baş leytenant Orxan Əsgərov həlak olub, daha 2 mühafizə əməkdaşı yaralanıb.
Maraqlıdır, İranın xain xislətinin məqsədi nədir?
Redaktor.az-ın sualını Milli Məclisin sədr müavini, professor Fəzail İbrahimli cavablandırdı. Onun sözlərinə görə, İranda Azərbaycan səfirliyinə edilən bu hücumu, onun mahiyyətinin fəlsəfəsini dərindən düşündükdə, burada bir neçə məqamı gündəliyə gətirmək olar.
“Birincisi, tarixən iki dövlətin qonşuluq münasibətləri bu günləri İran tərəfindən demək olar ki, son həddə çatmış səviyyədə pozulur. Artıq atılan addım - İranda olan səfirliyimizə hücum, səfirlik əməkdaşının ölümü demək olar ki, beynəlxalq hüquqa sığmayan bir hərəkətdir. İkinci bir məqam ondan ibarətdir ki, Azərbaycan vaxtilə kifayət qədər qonşuluq münasibətlərində özünün riskli addımlarını ata bildi. Hər birimizin yadındadır, Azərbaycandan İrana qarşı bir vasitə kimi istifadə etmək məqamı gələndə qətiyyətlə ayağını yerə basıb mənim ölkəmdən İrana hər hansı bir addım atmağın qeyri-mümkünlüyünü tarixdə sübut etdi, baxmayaraq, özünün kifayət qədər problemi olan, torpağı işğala məruz qalan bir ölkə idi. Bu gün isə İranın atdığı addım nə qonşuluq münasibətinə, nə beynəlxalq hüquqa sığmır, nə İslam adını daşıyıb, İslam bayrağı altında mürtəce ideyaları yeridən, xristian dünyası ilə qardaşlıq münasibəti yaradan və İslam əxlaqına arxadan zərbə vuran bir dövlətin apardığı siyasətə yaraşmır”, - deyə vitse-spiker vurğuladı.
Fəzail İbrahimli bildirdi ki, bu gün Cənubi Qafqazda əsəblər kifayət qədər tarıma çəkilib:
“Cənubi Qafqaz sanki bu saat dünyanın diqqət mərkəzindədir. Burada nüfuz dairələri uğrunda kifayət qədər ciddi mübarizələr gedir. Belə bir məqamda güman edirəm ki, İran dövləti Azərbaycana münasibətində diqqətli, həssas, eyni zamanda nəinki həssas, bir məsuliyyət hiss etməlidir. İran içindəki gərginliyi, ölkədə baş verən prosesləri, dövlətin içərisindəki qarşıdurmaları və baş verən hadisələri kənarlaşdırmaq üçün mütləq nə isə axtarır. Mən hesab edirəm ki, bu ünvan Azərbaycan deyil və ola bilməz. Dövlətin aidiyyəti qurumları bu məsələ ilə bağlı ciddi addımlar atmalıdır. Bu bizim üçün əslində bir dəhşət, fəlakət, gözlənilməz bir şey deyildi. İranın iç üzü, mahiyyəti bizə məlumdur: Fars və molla rejimindən, İslam dövləti adı ilə ölkə quran, 7-ci əsr qaydaları ilə dövləti idarə edən İrandan nə isə gözləmək olmaz. Ancaq hesab edirəm ki, Azərbaycan tərəfi öz sözünü deyəcək və bu məsələdə İran özünün layiqli cavabını alacaq”.
Nərmin VÜQARQIZI