"Tehran bütün vasitələrdən istifadə edərək ölkəmizə qarşı təhdidi gücləndirməyə çalışır" - Deputat
"Bu gün Azərbaycanın Tehrandakı Səfirliyinə edilən silahlı hücum terror hadisəsi olmaqla yanaşı İranın ölkəmizə qarşı yeni təhdidi kimi qiymətləndirilməlidir".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov Tehrandakı Azərbaycan səfirliyinə silahlı hücuma münasibət bildirərkən deyib.
O, bildirib ki, adı terroru maliyyələşdirən ölkələr siyahısında olan İranda baş verən hadisə Vyana Konvensiyası daxil olmaqla beynəlxalq hüquq prinsiplərinin kobud şəkildə pozulması anlamına gəlir:
Son illər Azərbaycana qarşı düşmənçilik mövqeyi ilə seçilən İranda baş verən bu hadisə bir daha təsdiq edir ki, Tehran bütün vasitələrdən istifadə edərək ölkəmizə qarşı təhdidi gücləndirməyə çalışır.
Azərbaycan istər cənubdan, istərsə də digər istiqamətlərdən gələcək təhdidlərə cavab vermək gücündədir. Bütün bunlar ilə yanaşı, bir müddət öncə İrəvan ilə qardaşlaşan Tehran şəhərində son hadisə “qırmızı xətti”in keçildiyini bir daha təsdiq edir".
Xatırladaq ki, bu gün səhər saat 08.30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edilib.
Hadisə zamanı Azərbaycan səfirliyinin mühafizəsinə cavabdeh olan baş-leytenant Orxan Əsgərov həlak olub. Hadisə nəticəsində daha 2 mühafizə əməkdaşı yaralanıb.
Turan İSMAYIL