Azərbaycan səfirindən Tehrandakı terror aktına REAKSİYA: "İran dəyişmir!"
"İranda Səfirliyimizə qarşı insan itkisi ilə nəticələnən terror aktını sərt şəkildə qınayırıq. Həlak olmuş əməkdaşın ailəsinə dərin hüznlə baş sağlığı veririk".
Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı səfiri Vilayət Quliyev özünün feysbuk hesabında yazıb.
"İlk baş sağlığının Rusiyadan gəlməsi anlaşılandır. 1829-cu il yanvarın 30-da Tehran qaragüruhunun yönləndirilmiş hücumu nəticəsində vəziri-muxtar (səlahiyyətli nazir) A.S.Qriboyedov başda olmaqla Rusiya səfirliyinin 57 əməkdaşı qətlə yetirilmişdi. İran dəyişmir!", - deyə səfir qeyd edib.
Xatırladaq ki, bu gün səhər saat 08.30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edilib.
Hadisə zamanı Azərbaycan səfirliyinin mühafizəsinə cavabdeh olan baş-leytenant Orxan Əsgərov həlak olub. Hadisə nəticəsində daha 2 mühafizə əməkdaşı yaralanıb.
Turan ASLAN