"İran hadisənin niyə baş verməsi haqqında hesabat verməlidir” - Arzu Nağıyev

 14:40 27.01.2023     1149

“Azərbaycanın İrandakı səfirliyində baş vermiş hadisə birmənalı şəkildə terror aktıdır. Əgər burada “Kalaşnikov” avtomatından istifadə olunursa və əldə olan videolar, eyni zamanda materiallar da göstərir ki, birmənalı şəkildə həmin terrorçunun məramı, məqsədi insan öldürmək, terror hadisəsini həyata keçirmək olub. Ən ağır məsələ odur ki, bir nəfər həyatını dəyişib, şəhid olub, iki nəfər də yaralanıb. Diplomatik nümayəndəmizin əməkdaşı Orxan Əsgərovun şəhid olması ilə bağlı onun ailəsinə və yaxınlarına mən də öz tərəfimdən başsağlığı verirəm”.

Bu sözləri Redaktor.az-a Milli Məclisin deputatı, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev bildirdi.

Deputatın fikrincə, burada bir neçə istiqamətdə araşdırma aparılmalıdır:

“Birincisi, İran xüsusi xidmət orqanları ilə birgə Azərbaycan tərəfi də bu prosesdə - araşdırmada mütləq şəkildə iştirak etməlidir və edəcəkdir. Çünki İran dövləti bunu tək araşdırmamalı və İran buna cavab verməlidir. Necə ola bilər ki, 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq, (İran 1965-ci ildən, Azərbaycan isə 1992-dən etibarən üzvdür - red.) əgər ora Azərbaycan ərazisidirsə, mütləq şəkildə İran tərəfindən qorunmalı idi. Digər məsələ ondan ibarətdir ki, terror aktı ilə yanaşı, bunun arxasında Azərbaycan və İran arasında olan bugünkü gərgin münasibətin daha da gərginləşməsinə çalışan bir sıra dövlətlər ola bilər. Ermənistan da burada inkar oluna bilməz. Ermənistan xüsusi xidmət orqanları və digərləri. Birmənalı şəkildə bu, araşdırılmalıdır. Bu terror aktı mənim tərəfimdən ciddi şəkildə pislənir. Mən bunu çox ciddi bir hadisə kimi hesab edirəm və düşünürəm ki, hadisə çox ciddi araşdırılıb ortaya faktlar qoyulmalıdır. Hətta burada İranın Azərbaycandakı səfirliyi də ciddi mühafizə altına alınmalıdır. Çünki, onlara qarşı da digər bir qurumun törətdiyi əməllər acınacaqlı nəticə verə bilər. İran dövləti birmənalı şəkildə Azərbaycana bununla bağlı fikrini bildirməli və hadisənin niyə baş verməsi haqqında hesabat verməlidir”, - deyə Arzu Nağıyev qeyd etdi.

Xatırladaq ki, bu gün səhər saat 08.30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edilib.

Hadisə zamanı Azərbaycan səfirliyinin mühafizəsinə cavabdeh olan baş leytenant Orxan Əsgərov həlak olub. Hadisə nəticəsində daha 2 mühafizə əməkdaşı yaralanıb. 

Nərmin VÜQARQIZI