"İrandakı hakim dairələrin bu prosesdə əli var" - Deputatdan AÇIQLAMA

 17:30 27.01.2023     611

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edilib. Hadisə nəticəsində Azərbaycan səfirliyinin mühafizəsinə cavabdeh olan baş leytenant Orxan Əsgərov həlak olub, daha 2 mühafizə əməkdaşı yaralanıb. 

Məsələ ilə bağlı Redaktor.az-a danışan  Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, deputat Hikmət Babaoğlu bildirdi ki, Azərbaycan səfirliyinə qarşı terror törətmək Azərbaycana hücum kimi qiymətləndirilməlidir.

Onun sözlərinə görə, hər bir ölkənin digər ölkədəki səfirliyi həmin ölkənin ərazisi hesab olunur:

"Oradakı səfirlik bizim ərazimizdir. 1961-ci ildə imzalanmış Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasına uyğun olaraq bu cür qiymətləndirilir və həmin konvensiyaya uyğun olaraq ev sahibi ölkəyə, yəni səfirliyə ev sahibliyi edən ölkə konvensiyanın 22-ci maddəsinə görə, oradakı nümayəndəliyin də, diplomatik personalın da və digər təhlükəsizlik əməkdaşlarının da təhlükəsizliyi üçün cavabdehlik daşıyır. İran bu konvensiyaya qoşulub. Demək, hadisənin baş verməsi onu göstərir ki, faktiki olaraq bu konvensiyanın tələbləri də pozulub. Və üstəlik bu birinci belə hadisə deyil. Böyük Britaniyada Azərbaycan səfirliyinə İran mənşəli radikalların hücum etməsi də, Fransada belə bir hücuma cəhd göstərilməsi və nəhayət, əhalisinin təqribən yarısı azərbaycanlı olan bir ölkədə, yəni İranda Azərbaycan səfirliyinə hücumun təşkil olunması onu göstərir ki, bu öz-özünə baş verən, məişət səviyyəsində baş verən hadisə deyil".

Deputat onu da qeyd etdi ki, bu terroru təşkil edənlər var və onlar cavab verməlidirlər: 

"İran rəsmiləri cavab verməlidir ki, necə olur belə bir terror aktı baş verir? Buna görə də, mənim fikrimcə, bu hadisəni qətiyyətlə pisləməklə bərabər, həm də ona nail olmalıyıq ki, bütün dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar da bu hadisəni qınasınlar. Çünki İranda çoxsaylı ölkələrin səfirlikləri var. Əgər Azərbaycanın səfirliyi təhdid altındadırsa, deməli sabah eyni hərəkət başqa ölkələrin səfirlərinə qarşı ola bilər. Bu, əslində İranın etibarsızlaşdırılmasıdır. İranın bəzi radikal dairələri İranın özünü əslində etibarsızlaşdırırlar və mən əminəm ki, bu prosesdə İranın müvafiq qurumlarının əli ola bilər. Çünki 44 günlük müharibə dövründə də, ondan sonrakı mərhələdə də İran rəsmiləri ermənidən artıq erməni oldula, Ermənistana hər cür köməklik göstərdilər. İslam dəyərlərini dağıdan, gözdən salan islamofob ölkəyə hər cür dəstək verdilər, postmüharibə dövründə də regionda sülh və əməkdaşlıqla bağlı ermənilərdən daha sərt radikal mövqeyini ortaya qoydular. Ona görə də, mən əminəm ki, İrandakı hakim dairələrin də bu prosesdə əli var və bu, ciddi şəkildə araşdırılmalı, Azərbaycanın tələbləri doğrultusunda, məntiqli bir izahat verilməlidir" -  deyən H.Babaoğlu vurğuladı ki, bu terroru törədənlər mütləq cəzalandırılmalıdır. 

Həmidə İbrahimova