"Aİ missiyasının Ermənistan sərhədində yerləşdirilməsi vəziyyəti daha da gərginləşdirəcək" - Hikmət Babaoğlu
“ABŞ və NATO-nun əlavəsinə çevrilmiş, MDB məkanında qarşıdurma siyasəti yürüdən Ermənistanın sərhədyanı rayonlarında Avropa İttifaqının (Aİ) nümayəndələrinin peyda olması regiona yalnız geosiyasi qarşıdurma gətirə və mövcud münaqişələri, ziddiyyətləri daha da gərginləşdirə bilər".
Bu fikirlər Rusiya Xarici İşlər Nazirliyinin yanvarın 26-da yaydığı məlumatda bildirilib.
Rusiya XİN vurğulayıb ki, Moskva Aİ-nin “ekspertlərinin” Ermənistan-Azərbaycan sərhədində baş verənləri izləyəcəklərində heç bir “əlavə dəyər” görmür.
Maraqlıdır, Rusiyanın regionla bağlı narahatlığı nədir? Aİ missiyasının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsi bölgədə hansı nəticələrə gətirib çıxara bilər?
Redaktor.az-ın suallarını Milli Məclisin deputatı, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu cavablandırdı. Onun sözlərinə görə, Qafqaz özlüyündə çox da böyük region deyil, ona görə də bölgənin rifahı naminə əməkdaşlıq etmək dövlətlərarası münasibətlərin əsas prioriteti olmalıdır:
“Amma çox təəssüf ki, Ermənistan bu istiqamətdə addımlar atmaqda həvəsli deyil. Tam əksinə, post-müharibə dövrünün son iki il göstərdi ki, Ermənistan regionu rəqabət və qarşıdurma meydanına çevirməyə cəhd göstərir. Təkcə region deyil, elə öz ölkəsində geosiyasi qütbün müxtəlif tərəflərində olan ölkələrin missiyalarını birini hərbi baza, birini də monitorinq missiyası statusunda yerləşdirməklə öz kiçik ölkəsini qarşıdurma məkanına çevirib. Ona görə də, əlbəttə ki, Avropa İttifaqı missiyasının uzun müddətə regiona yerləşdirilməsi yaxşı heç nə vəd etmir və sülh perspektivlərini daha da aşağı salır. Şübhəsiz ki, bu, Avropa İttifaqından daha çox Avropa İttifaqına öz imperialist maraqlarını diktə edən Fransanın mövqeyi ilə əlaqədardır. Fransa öz maraqlarını Avropa İttifaqından olan ölkələrin maraqlarından üstün tutaraq bir növ Avropa İttifaqını bu geostrateji macəraya sürükləyir və çox təəssüf ki, Avropa İttifaqı da buna alət olur. Qafqaz regionunun ənənəvi aktorları var və kənardan buraya müdaxilə ənənəvi aktorları daha da radikallaşdıracaq. Ona görə də, geostrateji hesablama düzgün aparılmalıdır ki, kiçik bir Ermənistanda həm Rusiyanın hərbi bazası, həm Avropanın İttifaqının monitorinq missiyası necə bir arada olacaq? Daha doğrusu, “missiyası bəlli olmayan missiyası” desək, daha dəqiq olar. Bu, şübhəsiz ki, sülhə və təhlükəsizliyə təhdid yaradacaq, mürəkkəb vəziyyəti daha da gərginləşdirəcək və yeni eskalasiyalara səbəb olacaq. Buna görə də, mən düşünürəm ki, açıqlanan mövqe tamamilə doğrudur və sülhə hesablanan açıqlamadır. Kiçik bir regionda vəziyyəti bu qədər gərginləşdirmək olmaz. Bu daha çox nəticə etibarilə Ermənistanın ziyanına olacaq”.
Rusiyanın narahatlığı məsələsinə gəlincə isə deputat bildirdi ki, hazırda Şərqi Avropada baş verən Rusiya-Ukrayna müharibəsi kontekstində Qafqazda iddialı olan, burada nüfuz sahibi olmağa çalışan Fransa hesab edir ki, müharibənin mümkün nəticələrindən sonra Rusiyanın Qafqazda mövqeyi zəifləyəcək.
“Belə olan halda Qafqazda nüfuz və söz sahibi olmaq üçün Fransa özünü ən real namizəd kimi görür. Ona görə də Avropa İttifaqına üzv olan Qərb ölkələrini də bu siyasi avantüraya inandıraraq, onları Ermənistana cəlb edir. Nəzərə almaq lazımdır ki, Ermənistan Rusiyanın yaratdığı bir dövlətdir. Belə olanda, şübhəsiz ki, Rusiya istəməz ki, onun yaratdığı dövlətdə başqa qüvvələr olsun və o, Rusiyanın nəzarətindən çıxsın. Rusiya sona qədər bunun uğrunda mübarizə aparacaq”, - deyə H.Babaoğlu vurğuladı.
Nərmin VÜQARQIZI