Braziliya XİN-dən Azərbaycana dəstək mesajı
Braziliyanın Xarici İşlər Nazirliyi Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumla bağlı ölkəmizlə həmrəy olduğunu bildirib.
Redaktor.az xəbər verir ki, Braziliya XİN-in yaydığı açıqlamada deyilir: “Braziliya hökuməti bu gün (ötən gün – red.) Azərbaycanın Tehrandakı səfirliyinin binasında baş vermiş və əməkdaşın ölümü ilə nəticələnən silahlı hücum xəbərini narahatlıqla qarşılayıb.
Braziliya beynəlxalq hüquqa əsasən diplomatik nümayəndəliklərin toxunulmazlığı prinsipini və onların obyektlərinin qorunmasının vacibliyini xatırladır.
Braziliya hökuməti Azərbaycan hökuməti və xalqı, habelə həlak olanların ailələri ilə həmrəyliyini ifadə edir”.
Qeyd edək ki, yanvarın 27-də səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu olub. Avtomatla silahlanmış şəxs səfirliyin binasına daxil olaraq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib, iki əməkdaşı isə yaralayıb.