"Ölkəmizə qarşı törədilən terrorun arxasında İranın xüsusi xidmət orqanları dayanır" - Deputat
"İran dövlətinə yaxın telekanalların Azərbaycanın səfirliyinə silahlı hücum edən terrorçudan xüsusi hörmət və ehtiramla müsahibə alması, onunla açıq cinayət törətmiş şəxs kimi yox, sanki, cinayətin “qurbanı” kimi davranması və planlaşdırılmış qanlı terror aktını riyakarcasına məişət mübahisəsi fonunda baş verən hadisə kimi qələmə verməsi bir daha onu göstərir ki, ölkəmizə qarşı törədilən terrorun arxasında İranın xüsusi xidmət orqanları dayanır".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Azay Quliyev bildirib.
Onun qeyd edib ki, bu faktı yayılan video görüntülər də açıq şəkildə təsdiq edir:
"Belə ki, terrorçunun cinayəti planlı şəkildə həyata keçirtmək üçün öncədən hazırlaşdığı, avtomat silahla silahlandığı, səfirliyin qapısını kuvaltla sındırmağa cəhd etdiyi, binaya daxil olaraq hər kəsə ardıcıl atəş açdığı və səfirliyin mühafizə xidmətinin rəisi baş leytenat Orxan Əsgərovu qətlə yetirdiyi və iki əməkdaşı yaraladığı video görüntülürdə dəqiq əks olunub".
Azay Quliyevin sözlərinə görə, vİdeo görüntülərdən o da aydın olur ki, hər kəsin gözü qarşısında baş verən bu cinayətlərə İran polisi səsisz qalır və müdaxilə etmir, baxmayaraq ki, beynəlxalq konvensiyaların tələbi kimi İran dövləti Azərbaycanın səfirliyinin binasının və diplomatlarının təhlükəsizliyini təmin etməyi beynəlxalq öhdəlik kimi üzərinə götürüb.
"Əlbəttə, bu görüntülərdən sonra molla rejiminin terrorçunu müdafiə etmək üçün ictimai rəyi aldatmaq və cinayətin motivini dəyişdirmək cəhdləri heç bir nəticə verməyəcək.
Terrorçu törətdiyi cinayətə uyğun olaraq ən ağır şəkildə cəzalandırılmalıdır. Bunun üçün zərurət yaranarsa beynəlxalq mexanizmlərdən də istifadə edilməlidir", - deyə deputat bildirib.
Xatırladaq ki, yanvarın 27-si səhər saat 08.30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edilib.
Hadisə zamanı Azərbaycan səfirliyinin mühafizə xidmətinin rəisi baş leytenant Orxan Əsgərov həlak olub. Hadisə nəticəsində daha 2 mühafizə əməkdaşı yaralanıb.
T.İSMAYIL