Səfirlikdəki terrorda Ermənistanın əli var - Türkiyəli general

 10:22 29.01.2023     483

Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumda İranla yanaşı, Ermənistanın da marağı var. Bu hadisənin arxasında böyük ehtimalla Ermənistan da yer alır”.

Redaktor.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında Türkiyənin Hərbi Hava Qüvvələrinin təqaüddə olan general-leytenantı Ərdoğan Karakuş deyib. Onun sözlərinə görə, terror hücumunu törədənlərin məqsədi İranla Azərbaycan və Türkiyə arasında vəziyyəti gərginləşdirməkdir.

E.Karakuşun fikrincə, İran hökumətinin hadisəni məişət səviyyəsinə endirməsi öz xalqını aldatmaq cəhdidir:

“İran hökuməti hadisəni terror aktı kimi yox, məişət zəminində törədilmiş cinayət kimi göstərməyə cəhd edir. Lakin bu, onun xalqını aldatmaq cəhdidir. Məlumdur ki, İran hakimiyyətinin belə təbliğatı həmişə olur. Cinayətkar rahatlıqla televiziya kanallarına müsahibə verir. Guya onun ailəsi 6 ay səfirlikdə saxlanılıb, bu da onları xilas etməyə gedib deyərək yalançı situasiya yaratmağa çalışırlar. Bu hadisə tamamilə kamera tərəfindən qeydə alınıb. Dünya İranın yalanlarına onsuz da inanmır. Həm də İranda müstəqil media yoxdur”.

Türkiyəli general düşünür ki, səfirlikdəki terror olayında ən böyük qazanc Emənistanın olub:

“Yenə deyirəm ki, burada ən böyük qazanc Ermənistanındır. Çünki İranın Türkiyə və Azərbaycanla əlaqələri nə qədər pis olsa, bu, Ermənistanın xeyrinədir. İstənilən halda Tehranda törədilən hadisə qəbul edilməzdir və İran tərəfi buna görə cavab verməlidir”.

Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu oldu. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.