Məsuliyyəti İran daşıyır - XİN rəhbərinin müavini
“Bu hadisənin baş verməsi bizim üçün gözlənilməz idi. Ona görə ki, belə hadisələrin olması ümumiyyətlə, mümkün deyil”.
Redaktor.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Tehrandakı səfirliyimizə hücumla bağlı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, diplomatik əlaqələr haqqında Vyana konvesiyasının müvafiq müddəalarına əsasən, səfirliyin təhlükəsizliyi ilə bağlı müstəsna məsuliyyəti İran daşıyır.
“Prezidentimiz hücumu terror aktı kimi qiymətləndirib və bunu şiddətlə pisləyib. Biz hadisə baş verəndən sonra İranın Bakıdakı səfirini dəvət etmişik. Əlimizdə olan ilkin məlumatlar əsasında qarşıdakı tərəfə mövqeyimizi çatdırmışıq. İran beynəlxalq öhdəliyi çərçivəsində terror hadisəsini şəffaf şəkildə araşdırmalıdır. Bu cinayətin törədilməsində əli olan bütün iştirakçıları müəyyən etməlidir və onları ədalət məhkəməsi qarşısına çıxarmalıdır. Bu, bizim qəti tələbimizidir", - deyə XİN rəhbərinin müavini vurğulayıb.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini öldürüb. Səfirliyin iki mühafizə əməkdaşı da yaralanıb. Hadisəni törədən şəxs saxlanılıb.