“Türkiyə Azərbaycanın İrandakı maraqlarını diplomatik sahədə həyata keçirə bilər” - Politoloq
Xəbər verdiyimiz kimi, Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini tamamilə dayandırıb.
Bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov məlumat verib.
Maraqlıdır, bundan sonra İranla diplomatik əlaqələr necə davam edəcək?
Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Qabil Hüseynli bildirdi ki, Tehranda səfirliyin bağlanması ən mümkün addımlardan biri idi.
“Əlbəttə, bu belə olmalı idi. Çünki səfirliyimizə qarşı sözün həqiqi mənasında terror aktını törədən bir ölkə ilə səfirliyin orada tam saxlanılmasının əhəmiyyəti ola bilməzdi. Bu, diplomatik münasibətlərin pozulması deyil. Olsaydı, bu barədə əlavə fikir, bəyanat bildirilərdi. Amma mənim zənnimcə, bir müddət səfirlik fəaliyyət göstərməyəcək. Daha sonra isə səfirliyinin fövqəladə səlahiyyətli vəkili göndərilə bilər. Yəni bir nəfər orada Azərbaycanın diplomatik münasibətlərinin təmsilçisi kimi ola bilər. Hər halda İranın bu hərəkətinə belə bir cavab verilməli idi. Bu, hələ ən yüngül cavabdır və mən güman edirəm ki, bu terrorçu dövlətin mahiyyətini açıb dünyaya faş etdikdən, məsələlərdə müəyyən aydınlıq yaranandan sonra diplomatik əlaqələrin yaranması mümkün ola bilər. Ən başlıcası odur ki, İran tərəfi bizdən üzr istəmədi. İranın Azərbaycandakı səfirinin üzrxahlıq etməsi hələ o demək deyil. İran dövlət səviyyəsində Azərbaycandan üzr istəməlidir və hadisələrə yenidən və düzgün qiymət verməlidir. İran münasibətlərdə səmimi deyil, hadisəyə düzgün qiymət vermir, üstəlik də Azərbaycandan üzr istəmir. Bütün bunlar olmayınca diplomatik münasibətlər, Azərbaycan səfirliyinin orada müəyyən heyətlə işləməsi çətin olacaq", - deyə həmsöhbətimiz vurğuladı.
Bu müddət ərzində diplomatik münasibətlərin tənzimlənməsi məsələsinə gəlincə isə, politoloq qeyd etdi ki, belə halda bizim oradakı səlahiyyətlərimizi həyata keçirməyi hər hansı bir yaxın ölkəyə tapşırmaq olar:
“Məsələn, yəqin ki, bu, Türkiyə olacaq. Türkiyə Azərbaycanın maraqlarını bir müddət orada diplomatik sahədə həyata keçirə və onun vasitəsilə lazım olan digər məsələləri həll edə bilər”.
Xatırladaq ki, 27 yanvar səhər saat 08.30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edilib.
Terror hadisəsi zamanı Azərbaycan səfirliyinin mühafizə xidmətinin rəisi baş leytenant Orxan Əsgərov şəhid olub. Hadisə nəticəsində daha 2 mühafizə əməkdaşı yaralanıb.
Nərmin VÜQARQIZI