"Bu, İlham Əliyevin beynəlxalq səviyyəli dövlət xadimi olduğunu bir daha təsdiqləyir” - Fəzail Ağamalı

 16:48 30.01.2023     633

“Hesab edirəm ki, Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir. Bir daimi yer mütləq İslam Əməkdaşlıq Təşkilatının üzvünə verilməlidir və İslam Əməkdaşlıq Təşkilatı özü məsləhətləşmələr əsasında bu namizədliyi irəli sürməlidir. Digər daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə bu yerə sahib olmalıdır. Hesab edirəm ki, bu, ədalətli olar. Çünki İkinci Dünya müharibəsindən artıq 80 ilə yaxın vaxt keçir, dünya dəyişib və bu dəyişikliklər sürətlə davam edir. Ona görə, hesab edirəm ki, bu islahatlar daha ədalətli və təhlükəsiz dünyanın yaradılmasına xidmət göstərəcəkdir”.

Bu fikirləri yanvarın 28-də Prezident İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi ilə görüşündə bildirib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Fəzail Ağamalı öncə bildirdi ki, Əs-Sisi ilə İlham Əliyevin görüşü, Misir-Azərbaycan münasibətlərində tarixi bir dönüş kimi qiymətləndirilməlidir.

“Müzakirə olunan məsələlər, mətbuata verilən açıqlamalar, əlbəttə ki, məhdud məlumatlar, informasiyalardır. Amma bizə kifayət qədər əsas verir ki, Azərbaycanla Misir arasındakı münasibətlər yeni inkişaf mərhələsinə artıq qədəm qoyur”, - deyə o, qeyd etdi.

Deputat xatırladı ki, bir müddət öncə də prezident BMT Təhlükəsizlik Şurasının indiki formatda fəaliyyətini kifayət qədər problemlər yaratdığını və dünyanın bu beşlikdən ibarət olmadığını demişdi və bunlar təsadüfi deyildi:

“Çünki, doğrudan da Birləşmiş Millətlər Təşkilatının beş üzvü göstərdiyi son fəaliyyətlərə görə, əslində beynəlxalq hüquq normalarının və prinsiplərinin keşiyində durmur. Baş verən beynəlxalq və ayrı-ayrı dövlətlər arasındakı münasibətlərin gedişində özünü ifadə edən haqsızlıq və ədalətsizliyin Təhlükəsizlik Şurası tərəfindən qarşısının alınması və burada xüsusi olaraq həmin beş dövlətin istənilən bir məsələnin müzakirəsinə veto qoyaraq, özünün maraqlarını sona qədər yerinə yetirməsi beynəlxalq aləmdə olduqca ciddi problemlər yaradır. Elə Rusiya-Ukrayna müharibəsində də gedişata necə təsir etdiyini görə bilirik. Ona görə də, dövlət başçısının BMT Təhlükəsizlik Şurasına daimi yer məsələsini qabartması və buna Əs-Sisinin müsbət reaksiyası önəmlidir. Misir İslam Konfransı Təşkilatının fəal üzvlərindən biridir. Yəni cənab prezident artıq bunu təkcə ayrı-ayrı dövlətlərlə münasibətlər çərçivəsində deyil, həm də Qoşulmama Hərəkatı və İslam Konfransı Təşkilatının səviyyəsində qaldırmaq üçün ilkin addımlar atır, bunun üçün rəy formalaşdırır. Yəqin ki, həmin təşkilatlarda ciddi nüfuz sahibi olan ölkələr bu məsələnin müzakirəsi zamanı, sözsüz ki, prinsipial və qəti mövqeyini ortaya qoyacaqdır. Bu onu göstərir ki, cənab prezident təkcə Azərbaycanın milli maraqları, regional problemlərin həlli ilə məşğul olmaqla ortada olan problemləri aradan qaldırmaqla kifayətlənmir. Eyni zamanda o, dünya miqyaslı və bəşəriyyətin xeyrinə, sülhün və əmin-amanlığın təmin olunmasına, beynəlxalq münasibətlərdə ədalət prinsipinin reallaşmasına xidmət edən təşəbbüslərin də müəllifi kimi çıxış etməkdədir. Bu, cənab prezidentimizin qlobal, beynəlxalq səviyyəli dövlət xadimi və siyasətçi olduğunu bir daha təsdiqləyir”.

Nərmin VÜQARQIZI