Azərbaycan BMT Təhlükəsizlik Şurasının daimi üzvü seçilə bilər? - Tofiq Zülfüqarovdan AÇIQLAMA

 12:09 31.01.2023     522

Xəbər verdiyimiz kimi, yanvarın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi mətbuata bəyanatlarla çıxış ediblər.

İlham Əliyev çıxışı zamanı Birləşmiş Millətlər Təşkilatında (BMT) islahatların aparılması ilə bağlı bir sıra məsələləri vurğulayıb.

Prezident hesab edir ki, BMT Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir: “Bir daimi yer mütləq İslam Əməkdaşlıq Təşkilatının üzvünə verilməlidir və İslam Əməkdaşlıq Təşkilatı özü məsləhətləşmələr əsasında bu namizədliyi irəli sürməlidir. Digər daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə bu yerə sahib olmalıdır. Hesab edirəm ki, bu, ədalətli olar. Çünki İkinci Dünya müharibəsindən artıq 80 ilə yaxın vaxt keçir, dünya dəyişib və bu dəyişikliklər sürətlə davam edir. Ona görə, hesab edirəm ki, bu islahatlar daha ədalətli və təhlükəsiz dünyanın yaradılmasına xidmət göstərəcəkdir”, - deyə prezident vurğulayıb.

Maraqlıdır, BMT Təhlükəsizlik Şurasında İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına daimi yer verilməsinin üstünlüyü nədir? Və hansı ölkələr Təhlükəsizlik Şurasında sözügedən təşkilatları təmsil edə bilər?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən politoloq, keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bildirdi ki, Prezident İlham Əliyevin belə bir fikir səsləndirməsi ilk dəfə deyil.

“2001-ci ildən başlayaraq müxtəlif ölkələrdən BMT-də islahatlar aparılması ilə bağlı təkliflər var. Təkliflərin bir qrupu Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsi və ya üzvlərin veto qoymaq hüququnun götürülməsi ilə bağlı idi. Yəni bu, təzə mövzu deyil. Azərbaycan Prezidenti də bu mövzuya daima diqqət yetirir. Amma indi görürük ki, son bir neçə ay ərzində bu mövzunu prezident bir neçə dəfə vurğuladı, bu barədə fikirlərini söylədi. Bu, böyük bir prosesdir və hesab edirəm ki, bu baxımdan böyük tərkibdə Azərbaycanın fikri də səslənməlidir. Ona görə də, bu mövzuya dair Türkiyə prezidenti də dəfələrlə öz tənqidi fikirlərini səsləndirib”, - deyə politoloq qeyd etdi.

Keçmiş xarici işlər naziri xatırlatdı ki, Azərbaycan artıq digər ölkələr tərəfindən ikinci dəfə də Qoşulmama Hərəkatına sədr seçilib:

“Birləşmiş Millətlər Təşkilatının əməkdaş olduğu beynəlxalq təşkilatlar – Avropa İttifaqı, ATƏT, Qoşulmama Hərəkatı və sair təşkilatlar çərçivəsində Azərbaycan hesab edirəm ki, öz mövqeyini artıq təbliğ edir. Cənab Prezident də hər imkandan istifadə edib, bu fikri səsləndirir. Bu məsələ, eyni zamanda, Qoşulmama Hərəkatının da ümumi mövqeyidir. Prezidentin bəyanatı hesab edirəm ki, bu məqsəd daşıyır".

Tofiq Zülfüqarov hesab edir ki, BMT Təhlükəsizlik Şurasında İslam Əməkdaşlıq Təşkilatına yer verilməsi İslam ölkələrinin orada mövqeyini daim müdafiə olunmasına imkan yaradar.

"İslam ölkələri təşkilatından üzv bir ölkə orada olsa, bir sıra islamofobiya problemlərinin qarşısını almaq olar. Müxtəlif ölkələrdə, müxtəlif şəkildə islamofobiya var və hesab edirəm ki, bu, çox vacib bir məsələdir. Burada söhbət bir ölkədən getmir, rotasiya şəklində ölkələr tərəfindən bu maraqlar təmin oluna bilər”, - deyə o, vurğuladı.

Nərmin VÜQARQIZI