Avstriya daha dörd rus diplomatını qovdu

 13:33 02.02.2023     239

Avstriya respublikada akkreditə olunmuş dörd rus diplomatını persona non qrata elan edib.

Redaktor.az xəbər verir ki, bu barədə Avstriya Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində dərc edilmiş məlumatda deyilir.

"Rusiya səfirliyinin iki nümaynəndəsi  diplomatik statusları ilə bir araya sığmayan hərəkətlər edib. Ona görə də onlar Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının 9-cu maddəsinə uyğun olaraq arzuolunmaz şəxs elan ediliblər. Rusiyanın BMT yanında Daimi Nümayəndəliyinin iki diplomatı da Baş Qərargah Müqaviləsinə uyğun olmayan hərəkətlər ediklərinə görə, onlardan Avstriya Respublikası ərazisini tərk etmələri də tələb olunub",- deyə  nazirliyin açıqlamasında bildirilir.

Avstriya Xarici İşlər Nazirliyi də persona non qrata elan edilən diplomatların fevralın 8-dək ölkəni tərk etməli olduqlarını bildirib.

Xarici İşlər Nazirliyinin sözçüsü Qabriele Yuen Avstriyanın “Kurir” qəzetinin Rusiya diplomatik missiyalarına qarşı casusluq iddiaları ilə bağlı sorğusuna cavab olaraq "Bu məsələ ilə bağlı əlavə təfərrüat verməyəcəyimizi başa düşmənizi xahiş edirik” deyib.

Xatırladaq ki, bundan əvvəl, 2022-ci il aprelin 7-də Avstriya hakimiyyəti Rusiyanın Vyanadakı səfirliyinin üç əməkdaşının və Rusiyanın Zalsburqdakı Baş Konsulluğunun bir əməkdaşının ölkədən çıxarıldığını elan edib.

Daha sonra Vyanada Rusiya nümayəndələri də ölkə ərazisində diplomatik statusa uyğun gəlməyən fəaliyyət göstərməkdə ittiham olunublar.

Həmidə İbrahimova