İşğal olunan Ukrayna torpaqları Azərbaycanla həmsərhəd dairəyə birləşdirildi - FOTO
Rusiya işğal etdiyi Ukrayna ərazilərini ölkənin hərbi dairələr sisteminə birləşdirib.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Donetsk, Luqansk, Xerson və Zaporojye əraziləri Rusiyanın Cənub Hərbi Dairəsinin məsuliyyət zonasına daxil edilib.
Qeyd edək ki, Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krım da bu hərbi dairəyə birləşdirilmişdi. Cənub Hərbi Dairəsi Azərbaycanla sərhəddə yerləşir. Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci Rusiya bazası, habelə Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı missiyasının hərbi kontingenti də bu dairəyə tabedir. Ümumilikdə 2008-ci ilin avqustunda baş verən Gürcüstan müharibəsindən sonra Rusiya tərəfi bir sıra uğursuzluqları və boşluqları nəzərə alaraq qoşun birləşmələrində islahata getdi və ölkə ərazisində yerləşən ordu hissələri üzrə bir neçə Hərbi Dairə təsis olundu. Cənub Hərbi Dairəsi də bu çərçivədə 2010-cu ildə yaradılıb.