"Ən uyğun yol İrandakı soydaşlarımızın müstəqil dövlət qurmalarıdır" - Deputat
"İran polisinə məxsus Kalaşnikov avtomatı ilə Tehrandakı səfirliyimizə hücum edərək mühafizə xidmətinin rəisini namərdcəsinə qətlə yetirən terrorçunun dərhal televiziya kanallarına çıxarılaraq müsahibəsinin təşkil olunması, terror aktının məişət məsələsi kimi qələmə verilməsi, daha sonra terrorçunun dəli kimi psixiatriya xəstəxanasına yerləşdirilməsi qanlı cinayətin İran xüsusi xidmət orqanları tərəfindən planlaşdırıldığına və iyrənc formada həyata keçirildiyinə şübhə yeri qoymur".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, professor Musa Qasımlı bildirib.
Onun sözlərinə görə, İran deyəndə terror, terror deyəndə İran yada düşür.
"Terror İranın dövlət siyasətidir. Süni şəkildə yaradılmış qurama İran adlı dövlətin terrorundan xilas olmaqdan ötrü ən uyğun yol onun təbii olaraq parçalanması, torpaqlarımızın azad edilməsi və soydaşlarımızın müstəqil dövlət qurmalarıdır", - deyə millət vəkili vurğulayıb.
Xatırladaq ki, 27 yanvar səhər saat 08.30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edilib.
Terror hadisəsi zamanı Azərbaycan səfirliyinin mühafizə xidmətinin rəisi baş leytenant Orxan Əsgərov şəhid olub. Hadisə nəticəsində daha 2 mühafizə əməkdaşı - Mahir İmanov və Vasif Tağıyev yaralanıb.
T.İSMAYIL