Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının iclası keçirilib - FOTO
Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurası iclas keçirib.
Redaktor.az bildirir ki, qurumun mətbuat xidmətinin məlumatına görə, toplantıda Qayıdış Konsepsiyasının həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.
İclası giriş sözü ilə açan Ağsaqqallar Şurasını sədri akademik Əhliman Əmiraslanov Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsinə uyğun olaraq sülhpərvər qayıdış konsepsiyasının hazırlandığını qeyd edərək, bu vacib sənədin hazırlanması və icrasında Ağsaqqallar Şurasının fəal iştirakının əhəmiyyətini vurğulayıb.
İdarə Heyətinin sədri Əziz Ələkbərli İcmanın Müşahidə Şurası tərəfindən 26 yanvar 2023-cü il tarixində təsdiq edilmiş Qayıdış Konsepsiyasının məzmunu və onun yerinə yetirilməsi üçün hazırda həyata keçirilən və planlaşdırılan tədbirlər barədə toplantı iştirakçılarına ətraflı məlumat verib.
İclasda çıxış edən professor V.Şadlinski, akademik A.Məhərrəmov, professor Ə.Ələkbərov, professor F.Ağamalı, professor İ.Əliyev, professor Ə.Quliyev, professor A.Bayramov və digərləri Qərbi Azərbaycana qayıdışa verdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür ediblər.
Toplantı iştirakçıları beynəlxalq hüquqa əsaslanan, sülhpərvər xarakterli Qayıdış Konsepsiyasını təqdir ediblər, onun icrası üçün səylərini əsirgəməyəcəklərini bildiriblər və bu prosesə dair təkliflərini səsləndiriblər.