"Səfirliyimizə olan terror hücumu xüsusi olaraq təşkil olunub" - Deputatdan AÇIQLAMA
Xəbər verdiyimiz kimi, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə terror hücumu olub. Hadisə zamanı Azərbaycan səfirliyinin mühafizəsinə cavabdeh olan baş-leytenant Orxan Əsgərov həlak olub. Hadisə nəticəsində daha 2 mühafizə əməkdaşı yaralanıb.
Qeyd edək ki, ötən gün Azərbaycan Xarici İşlər Nazirliyi yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə qarşı həyata keçirilən terror hücumu ilə bağlı yeni detalları açıqlayıb. Səfirliyimizə hücumla bağlı videgörüntülər və səfirlik əməkdaşının açıqlamaları hadisənin əvvəlcədən planlaşdırıldığını sübut edir.
Bəs, Azərbaycan İrana qarşı hansı hüquqi addımları atmalıdır? Azərbaycan İranı Beynəlxalq Məhkəməyə verə bilərmi?
Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, bu cür məsələlər artıq dövlətlərarası məsələlərdən daha çox beynəlxalq hüququn məsələsidir.
Onun sözlərinə görə, Azərbaycan çox ciddi şəkildə tələb edir ki, İran bu məsələləri araşdırsın:
"Artıq Azərbaycan ictimaiyyətinə bəllidir ki, baş verən terror hadisəsindən sonra Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı başda olmaqla altmışdan çox dövlət bu terroru qınadı. Diplomatik fəaliyyətin bütün növləri, o cümlədən səfirliklərə və konsulluqlara edilən terror da müxtəlif beynəlxalq hüquqla və konvensiyalarla tənzimlənir. Ona görə də Azərbaycan əlbəttə, çox ciddi şəkildə tələb edir ki, İran bu məsələləri aydınlaşdırsın, araşdırsın. Və əli olan müxtəlif dövlət qurumlarının da, hakimiyyət içərisində olan xüsusi xidmət qurumlarının da kim olduğu aydınlaşsın. Əks təqdirdə Azərbaycanla İran arasında etimad mühiti bərpa oluna bilməz. Amma çox təəssüf ki, belə hallarda hadisələrin, istintaqın aparılması ilə bağlı və yaxud hadisəni törədənlərə hüquqi qiymətin verilməsi ilə bağlı Azərbaycanın əlində təzyiq mexanizmləri və hüquqi mexanizmlər yoxdur".
H.Babaoğlu onu da qeyd etdi ki, tək Azərbaycanın yox, bütün hallarda bir ölkənin başqa bir ölkədə səfirliyinə və yaxud diplomatik nümayəndəliyinə edilən hücum zamanı həmin ölkənin atacağı hüquqi addımlar çox məhduddur:
"Ona görə də İran da 1961-ci ildə qəbul edilmiş "Diplomatik əlaqələr haqqında" Vyana konvensiyasına qoşulduğu üçün baş vermiş terroru araşdırmaq, qiymətləndirmək, təşkilatçıları və törədəni cəzalandırmaq birbaşa İran dövlətinin borcudur. Çünki bu, artıq hakimiyyətdən daha çox dövlətlərarası münasibətlər kateqoriyasına daxildir. Ancaq göründüyü kimi İran bunu etmir. Heç bir istintaq əməliyyatları həyata keçirmir. Cinayətkarı xəstəxanaya yerləşdirib, yəqin ki, onu da buraxacaqlar. Bütün bunlar onu göstərir ki, bir daha bu terror xüsusi olaraq təşkil olunubdur. Buna görə Azərbaycan da İranın davranışına uyğun olaraq, əlbəttə ki, davranış sərgiləyəcəkdir".
Həmidə İbrahimova