"Bakıdan sülh müqaviləsi ilə bağlı yeni təkliflər almışıq" - Erməni nazir

 17:09 07.02.2023     760

Ermənistan bu yaxınlarda Azərbaycandan sülh müqaviləsi ilə bağlı növbəti təklifləri alıb.

Redaktor.az "Sputnik Armeniya"ya istinadla xəbər verir ki, bunu Berlində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan almaniyalı həmkarı Annalena Burbok ilə birgə keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, hazırda İrəvan bu təklifləri öyrənir.

“Biz Moskvada Rusiya və Azərbaycanın xarici işlər nazirləri ilə görüşməli idik, lakin Laçın dəhlizinin blokadası ilə əlaqədar Ermənistan tərəfi onun iştirakını təxirə saldı. Amma buna baxmayaraq, biz Azərbaycan tərəfinə öz təkliflərimizi təqdim etdik və bu yaxınlarda Bakıdan sülh müqaviləsi ilə bağlı cavab və yeni təkliflər aldıq”, - deyə o bildirib.

Mirzoyan deyib ki, Ermənistan tərəfi indi mətn üzərində işləməyə davam edir. Xarici işlər nazirinin sözlərinə görə, danışıqlar prosesi o qədər də rəvan olmasa da, dayanmayıb, davam edir. O, iddia edib ki, bu danışıqlara Bakıdakı ermənifobiya ab-havası da mane olur.

Bununla belə, nazir vurğulayıb ki, Ermənistan tərəfi sülh gündəmini irəli sürməkdə qərarlıdır. "Bu, regionda uzunmüddətli sülhü möhkəmləndirmək üçün səyləri ikiqat artıracaq", - deyə Mirzoyan bildirib.

Turan İSMAYIL