Hansı deputatlar Türkiyəyə yardım edəcək? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, fevralın 6-da Türkiyədə iki dəfə güclü zəlzələ olub. Son məlumata əsasən, zəlzələ 5775 binanın dağılmasına səbəb olub ki, nəticədə 3549 nəfər həyatını itirib, 22 168 nəfər isə yaralanıb.
Qeyd edək ki, Türkiyəyə ilk yardım edən ölkələrdən birincisi də Azərbaycan oldu. Belə ki, Prezident İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) çox sayda xilasediciləri Türkiyəyə göndərilib. Bundan başqa bu gün qardaş ölkəyə humanitar yardım göndərilib. Hətta zəlzələdə yaralananlara yardım üçün həkim briqadasının göndəriləcəyi də planlaşdırılır.
Eyni zamanda, Türkiyədə baş verən zəlzələdə zərər çəkənlərə kömək məqsədilə Bakıda yardım kampaniyası da başladılıb.
Bəs, deputatlarımız necə, Türkiyəyə dəstək olacaqmı?
Redaktor.az-a mövzu ilə bağlı danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, qardaş Türkiyədə baş verən zəlzələ hər birimizin dərin üzüntüsünə səbəb oldu.
O, Türkiyəyə yardım edəcəyini bildirdi:
“Azərbaycan dövləti həmişə olduğu kimi qardaş Türkiyəyə, ilk yardım edən ölkə oldu. Azərbaycan vətəndaşlarının da, iş adamlarının da, müxtəlif təşkilatların da və hər şeydən öncə millət vəkillərinin də könüllü şəkildə qardaş ölkədə baş verən fəlakətlə bağlı qardaşlarımıza kömək etməsi çox vacibdir, zəruridir. Çünki qardaşlıq bunu gərəkdirir. Hər şeydən öncə qardaş da qardaşdan elə qardaş köməyi gözləyir. Ona görə də millət vəkilləri burada da ümid olmalıdırlar. Mən də şübhəsiz ki, qardaş ölkədə baş verən fəlakətlə bağlı yardım edəcəm”.
Millət vəkili Məlahət İbrahimqızı da Türkiyəyə artıq yardım etdiyini və yenə də edəciyini bildirdi:
“Utanıram da deməyə, əslində eləmişəm, amma yenə də edəcəyəm. Əlbəttə, niyə eləmirəm? Mən burda rahat olum, amma ordakı bizim bacı-qardaşlarımız əziyyət içində olsunlar, bu, düzgün deyil. Mən indi Azərbaycan vətəndaşına, Türkiyə vətəndaşına fərq qoymuram. Amma hər ikisi də insandır, bizim doğmamızdır. Biz necə boğazımızdan rahat loxma yeyək, oturaq televiziyada da seyr eləyək ki, insanlar, körpə uşaqlar əziyyət çəksin, nə qədər anasız uşaqlar var, nə qədər atasız uşaqlar var. Və yaxud da tərsinə. Ona görə də biz təbii fəlakət nəticəsində baş verən faciəyə laqeyd qalmamalıyıq. Əlbəttə, mən düşünmürəm ki, heç kəs bu işdən laqeyd qala bilər. Mən təsəvvürə gətirə bilmirəm”.
Deputat Cavanşir Paşazadə qeyd etdi ki, bizim hər birimizin borcudur ki, qardaş Türkiyəyə yardım edək:
“Türkiyədə zəlzələdə həlak olanların ailələrinə dərin hüznlə başsalığı verirəm, yaralılara da Allahdan şəfa diləyirəm. Türkiyədə olan ən son xəbərlə bağlı dünən başsağlığı da vermişdim. Bizim hər birimizin borcudur ki, qardaş Türkiyəyə kömək edə, onların dərdinə həm maddi, həm də mənəvi şərik olaq. Biz də millət vəkili olaraq hər birimizin və bizim digər şanlı insanların borcudur ki, bu gün türk qardaşlarımızın yanında olaq, onların dərdinə şərik olaq. Böyük faciədir. Hamımız səhərdən axşama qədər televiziyanı izləyirik. Bildiyiniz kimi Ali Baş komandan İlham Əliyevin tapşırığı ilə birinci növbədə yardımlar, kömək gedib. Artıq Türkiyədə dəstək olurlar. Biz heç bir şeyi əsirgəməyəcəyik. Biz hər şeyə qəlbdən hazırıq və təbii ki, mən də o millət vəkillərindən, Azərbaycan vətəndaşından biri olaraq əlimdən gələn dəstəyi edəcəm”.
Deputat Madər Musayev də qeyd etdi ki, Türkiyəyə nə lazımdırsa, yardım edəcək:
“Biz deputatlarla müzakirə edib, əlbəttə ki, nəsə etməliyik”.
Millət vəkili Ceyhun Məmmədov isə qeyd etdi ki, qardaş ölkəyə hər kəs hərtərəfli yardım göstərməyə hazırdır:
“Azərbaycan ilk ölkələrdən oldu ki, Türkiyəyə qardaş yardımı göstərdi, cənab Prezidentin müvafiq tapşırıqları oldu. Artıq Azərbaycanın fövqəladə hallar və digər qurumlarının əməkdaşları bölgədə fəal iş aparırlar. Əlbəttə, qardaş türk xalqına biz də başsağlığı veririk. Allah dünyasını dəyişənlərə rəhmət eləsin, yaralılara şəfa versin. Çox ağır, gərgin və üzücü bir hadisədir. Bu gün bütün dünya Türkiyəyə yardım etməyə çalışır. Əlbəttə ki, biz də türkiyəli qardaşlarımıza hərtərəfli yardım etməyə, dəstək göstərməyə hazırıq. Bu, bizim mənəvi borcumuzdur. Hər birimiz etməliyik və edəcəyik də. Azərbaycan bununla bağlı lazım olan bütün addımları atır və gələcəkdə də atacaq. Bu gün bu, bir insanlıq vəzifəsidir. Hər bir insanın etməli olduğu bir işdir ki, biz də bunu həyata keçirməyə hazırıq. Hesab edirəm ki, bu gün hər bir Azərbaycan vətəndaşının ürəyi Türkiyə ilə döyünür və onların yanındadır”.
Deputat Rüfət Quliyev də sualımıza cavab olaraq bildirdi ki, Türkiyədə zəlzələdən zərər çəkənlərə köməklik etməyə hazırdır:
"Bəli, mən də onlara maddi dəstək göstərəcəm".
Həmidə İBRAHİMOVA