Türkiyədəki zəlzələ seçkilərin vaxtında keçirilməsinə ciddi mane olmayacaq - Politoloq

 17:51 09.02.2023     547

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqində baş verən zəlzələnin dağıdıcı təsirlərinə baxmayaraq, üç aydan sonra ölkədə prezident seçkilərinin keçirəcəyini bildirib.

Lakin dövlət başçısının bu açıqlaması ölkədə birmənalı qarşılanmayıb. Çünki zəlzələ bütöv şəhərləri məhv edib, çox sayda insanlar evsiz-eşiksiz qalıb. Və belə bir şəraitdə seçkilərin necə keçiriləcəyi barədə suallar səsləndirilir. 

Odur ki, bəzi türkiyəli siyasi şərhçilər hesab edirlər ki, seçkinin vatının dəyişdirilməməsi ölkədə siyasi böhran yarada bilər.

Məsələ ilə bağlı Redaktor.az-a danışan politoloq Zərdüşt Əlizadə isə hesab edir ki, seçkilərin keçirilməsi böhrana səbəb olmayacaq.

"Bütün millət indi toplaşıb zərər çəkənlərə kömək edir. Əksinə millət birləşib. Ümumi dərd, qayğı onları birləşdirib. İndi yəqin ki, iki günə qədər xilasedici əməliyyatlar qurtarar, dağıntıların altından sağ qalanları və cəsədləri çıxararlar, basdırarlar. Evsiz-eşiksizlərə çadırlarda və hardasa məskən taparlar, başqa yerlərdə onları mehmanxanada yerləşdirərlər. Sonra da həyat davam edir və hər bir bəladan sonra adi günlər başlayır. Müharibə, zəlzələ, qasırğa bitəndən sonra adi həyat həmişə başlayır. Burada qəribə bir şey yoxdur. Nə üçün də böhran olsun? Zəlzələnin acı nəticələri dövlətə, dövlət başçısına daha güclü təsir edir, nəinki müxalifətə. Müxalifətin fəaliyyət imkanlarını məhdudlaşdırmayacaqlar ki? Təbii məhdudlaşdırmayacaqlar. Onlar öz işlərini görəcəklər, təbliğatlarını aparacaqlar. Mən düşünmürəm ki, nə isə bir ciddi mane olsun. Əgər cənab Ərdoğan deyibsə ki, vaxtında keçiriləcək, vaxtında da keçirilməlidir",-deyə politoloq qeyd etdi.

Həmidə İbrahimova