"Bizim üçün Ermənistandan daha çox təhlükə mənbəyi İrandır" - Deputatdan AÇIQLAMA
Bu günlərdə "haqqın.az" saytında Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribat planlaşdırdığı barədə yazı dərc olunub. Qeyd olunub ki, təxribatın hazırlanması və həyata keçirilməsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 30 hərbçisindən ibarət təxribat qrupu iştirak edəcək.
Sayt yazır ki, əməliyyat qrupunun rəhbəri adı Azərbaycan hökumətinə məlum olan SEPAH generalıdır. "Bu adam uzun müddət Suriyada xidmət edib, burada yerli hərbi əməliyyatların, təxribat və terror planlarının hazırlanmasına və həyata keçirilməsinə rəhbərlik edib. Azərbaycan tərəfində bölmə komandirləri və hətta SEPAH-nın diversiya qrupunun bəzi döyüşçüləri haqqında dəqiq məlumatlar var.
Təxribat qrupu Azərbaycanın Laçın və Qubadlı rayonları istiqamətində ardıcıl iki hücum təşkil etməyi planlaşdırır. "Azərbaycan ordusunun postlarından birinə ilk hücumu “düşmənin canlı qüvvəsini məhv etmək” vəzifəsi daşıyan Ermənistan Silahlı Qüvvələrinin formasında olan bir qrup hərbçi həyata keçirəcək" - deyə məlumatda qeyd olunub.
Bəs, İranın Ermənistanla birgə ölkəmizə qarşı belə bir təxribatı mümkündürmü?
Məsələ ilə bağlı Milli Məclisin deputatı Elman Məmmədov Redaktor.az-a bildirdi ki, sözügedən yazıdan xəbərdardır:
“Mən də oxumuşam o yazını. O yazıda çox geniş məlumatlar verilir. Yəni o yazılar müəyyən faktlara əsaslanıb verilir. Bu, həqiqətə uyğun fikirlərdir. Nə üçün deyirəm, həqiqətə uyğun fikirlərdir? Çünki hələ birinci Qarabağ müharibəsi dövründə də İran müxtəlif yollarla torpaqlarımızın işğalında iştirak etmişdi. Bizim 44 günlük Vətən müharibəmiz dövründə də İranın mövqeyi göz qabağında oldu. Bizim əleyhimizə əlindən nə gəldisə, onu etdi. Müxtəlif istiqamətlərdə müxtəlif cür köməklik, yardımlar etdi. Hərbi sahədə Ermənistana dəstək oldu. Hətta bizim əlinə keçən hərbi sirlərimizi və məlumatlarımızı da, müxtəlif koordinatlarımızı da ermənilər tərəfə ötürməkdən çəkinmədi. Və ərazisindən silah-sursat daşınmasını, özünün yardımlarını da gördük”.
Onun sözlərinə görə, müharibədən sonrakı dövrdən də bu günə qədər artıq İran, üzündəki maskanı çıxardıb bizə qarşı açıq-aydın düşmənçilik mövqeyində dayanıb.
“Bunu İran rəsmilərinin bəyanatları da, hərəkətləri də, mövqeləri də və son vaxtlar da səfirliyimizə qarşı törədilən terror aktı da sübut edir. Mən bir vətəndaş kimi mövqeyimi bildirirəm ki, bu gün bizim üçün Ermənistandan daha çox təhlükə mənbəyi İrandır. Əgər bizim Qərb sərhədlərimizdə, Zəngəzur istiqamətində hər hansı bir bizə qarşı diversiya, təxribat, hücum əməliyyatları baş verərsə, mən tam əminliklə deyirəm ki, bunu İran ermənilərlə birlikdə təşkil edəcək. İndi o yazıda göstərilir ki, öz əsgərlərinə, hərbçilərinə erməni hərbi geyimləri də geyindirəcəklər, hətta diversiya qrupları yaradıb ərazimizə salmaq üçün bizim hərbi geyimlərdən də istifadə edəcəklər və sair. Bunlara heç şübhə etmək lazım deyil. İran bizə qarşı bütün yaramaz, murdar hərəkətlərə əl atmaqdan, bütün o pis niyyətlərə əl atmaqdan çəkinmir, edir. Bundan sonra da Ermənistanla birlikdə edə bilər” - deyən Elman Məmmədovun fikrincə, bu məsələlərdə biz həddindən artıq çox diqqətli, ehtiyatlı olmalı və ehtiyatı əldən verməməliyik:
“Ancaq dövlətimizin gücünə, qüdrətinə, ordumuzun gücünə, döyüş qabiliyyətinə, qəhrəmanlığına, igidliyinə inanaraq tam əminliklə deyirəm ki, İran Ermənistanla birlikdə bizə qarşı nə oyunlardan çıxsa, çox yüksək səviyyədə layiqli cavablarını alacaqlar və yerlərində oturdulacaqlar. Arzuolunandır ki, bu olmasın. Ancaq bir şey var, deyir ki, sülh istəyirsənsə, müharibəyə, döyüşə hazır olmalısan. Biz bunu yaddan çıxartmamalıyıq”.
Həmidə İbrahimova