İran Bakının müraciətinə CAVAB VERMİR

 13:25 13.02.2023     363

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu ilə bağlı istintaq davam edir. 

Redaktor.az xəbər verir ki, bunu  Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib. 

Onun sözlərinə görə, İran istintaqla bağlı Azərbaycana hələ də məlumat verməyib.

"İstintaqın gedişi ilə bağlı rəsmi Tehran Azərbaycan tərəfinə hələ də heç bir məlumat verməyib. Bu səbəbdən istintaqın gedişi ilə bağlı bizdə hansısa məlumat yoxdur”, - XİN rəsmisi qeyd edib. 

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Terror aktını törədən İran vətəndaşı Yasin Hüseynzadə saxlanılıb. Məlum hadisə səbəbindən Azərbaycanın İrandalı səfirliyi fəaliyyətini dayandırıb (modern.az).