"Fransa jandarmasının Ermənistana göndərilməsi bölgədə qarşıdurmaya xidmət edir" - Hikmət Babaoğlu

 16:41 13.02.2023     529

“Avropa İttifaqının Ermənistana göndərdiyi müşahidə missiyası hər nə qədər vətəndaş missiyası adlandırılsa da, hər kəsə aydındır ki, bu missiyanın üzvləri, keçmiş hərbçilər və artıq Fransanın etiraf etdiyi kimi 70 nəfər Fransa jandarmasından ibarətdir. Bu özü özlüyündə missiyanın vətəndaş missiyası olmasını inkar edir. Baxmayaraq ki, bu gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyir ki, bu missiya vətəndaş missiyasıdır və heç bir geosiyasi məzmun daşımır, ancaq kontingentin tərkibi isə Ararat Mirzoyanın dediklərini təkzib edir”.

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Hikmət Babaoğlu Fransa jandarmalarının da daxil olduğu Avropa İttifaqı (Aİ) missiyasının Ermənistanda (Azərbaycanla sərhəddə) işə başlamasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, belə bir hərbi missiyanın və yaxud yarım hərbi missiyanın Ermənistana göndərilməsi Qafqazda münasibətləri daha da gərginləşdirəcək:

“Ancaq bu gərginləşmə təkcə Ermənistan və Azərbaycan arasında gərginləşməyə səbəb olmayacaq, iki ölkə arasında mümkün sülhün yaranmasına da maneçilik törədəcəkdir. Eyni zamanda, Qafqazda ənənəvi olaraq, xüsusən Ermənistan üzərində söz sahibi olan Rusiyaya da, Rusiyanın Cənubi Qafqaz siyasətinə də təsir göstərəcəkdir. Rusiyanın Cənubi Qafqaz siyasətini, xüsusən Ermənistanla münasibətdə daha da aqressivləşdirəcəkdir. Yəni indiki vəziyyətdə belə bir missiyanın Ermənistana göndərilməsi Cənubi Qafqazda sülhə yox, daha çox qarşıdurmaya xidmət edir və nəzərə almaq lazımdır ki, bu missiyanın göndərilməsinin təşəbbüskarı Fransadır. O zaman biz deyə bilərik ki, məhz bu missiya da Fransanın hərbi və strateji maraqlarına xidmət edəcəkdir. Ancaq bir şey çox aydındır ki, bu vaxta qədər Fransa bənzər hərəkətlərində və yaxud  xarici siyasətindəki bənzər mövqeyində heç bir uğur qazanmayıb. Ona görə də əvvəlcədən proqnozlaşdırmaq olar ki, Fransa bu missiyadan da heç bir strateji divident əldə edə bilməyəcəkdir”.

Həmidə İbrahimova