"Sərhədlərin açılmasına müvəqqəti tədbir kimi baxılmalıdır" - Qafar Çaxmaqlı
Xəbər verdiyimiz kimi, Ermənistan Türkiyənin cənubunda baş verən dağıdıcı zəlzələyə görə bu ölkəyə humanitar yardım göndərib.
Humanitar yardımın göndərilməsi üçün isə 35 ildən sonra ilk dəfə olaraq Türkiyə ilə Ermənistan arasında sərhəd qapısı açılıb.
Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Qafar Çaxmaqlı bildirdi ki, Türkiyədə baş verən zəlzələ fəlakətinə görə Ermənistan xilasedicilərinin keçməsi üçün bu sərhədlərin açılmasına humanist addım olaraq baxılır.
Onun sözlərinə görə, bu məsələdə dövlətlərarası razılaşma yoxdur:
"Yəni xilasedicilər üçün yol açılması, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üçün iki dövlət arasında danışıqlar prosesi ilə bağlı deyil. Məlumdur ki, həm Ermənistandan, həm də Türkiyədən xüsusi təmsilçilər müəyyənləşib və onların rəhbərliyi ilə bu proses davam edir. Həmin danışıqlarda sərhədlərin açılması məsələsi var və indiki halda açılan bir sərhəd xətti həmin prosesin başlanğıcı ola bilər. Amma burada bir nüans var. Türkiyə Ermənistanın Azərbaycanla sülh sazişi halında bu ölkəylə bağlı siyasi mövqeyini ortaya qoyacağını dəfələrlə bəyan edib. Zəlzələ ilə bağlı Türkiyəyə gedən heyət dönəndən sonra ehtimal ki, bu məsələyə yenidən baxılacaq. Sərhədlərin açılmasına müvəqqəti tədbir kimi baxılmalıdır, bura sərhəd-keçid məntəqəsi funksiyası daşımır".
Həmidə İbrahimova