İrəvandan Rusiyanın xəbərdarlığına REAKSİYA
Ermənistan Avropa İttifaqı (Aİ) missiyasını respublikaya dəvət etməsinin səbəbləri barədə Rusiyanı məlumatlandırıb.
Redaktor.az "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, bunu jurnalistlərə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi bildirmişdi ki, Aİ müşahidəçilərinin peyda olması Cənubi Qafqaz regionuna geosiyasi qarşıdurma gətirə bilər.
Qriqoryan qeyd edib ki, "Aİ-nin mülki missiyasının gəlişi 2021-2022-ci illərdə Azərbaycanın Ermənistana hücumları (?) ilə bağlıdır".
“Əldə edilmiş təcrübəni, mövcud təhlükəsizlik sistemlərinin işləmədiyini nəzərə alaraq, Ermənistan Aİ-nin mülki missiyasını öz təhlükəsizliyi üçün müəyyən təminatlar yaratmağa dəvət etdi”, - deyə Təhlükəsizlik Şurasının katibi izah edib.
O qeyd edib ki, zəmanətlər heç də həmişə hərbi xarakter daşımır, hətta iqtisadi münasibətlər də bəzən təmin edə bilir. Qriqoryan hesab edir ki, bu baxımdan mülki missiya Ermənistanın təhlükəsizliyinə əlavə təminatlar yaradır.
O, Rusiya Federasiyasının buna mənfi reaksiyasından danışaraq bildirib ki, İrəvan vaxtaşırı Moskva ilə bütün problemli məsələləri müzakirə edir.
"Biz vaxtaşırı olaraq erməni tərəfinin mövqeyini təqdim edirik və niyə bu və ya digər addımı atdığımızı izah edirik. Bunun səbəbinin təcrübəmizdə olduğunu deyəndə qeyd edirik ki, 2021-ci ilin may və noyabr aylarında, eləcə də 2022-ci ilin sentyabrında hücumlar həyata keçirilib. Ermənistan Respublikasının suveren ərazisinə bu təhlükə qalmaqdadır.Təhdidi neytrallaşdırmaq üçün müəyyən beynəlxalq təminatlar yaratmaq lazımdır, biz onların üzərində işləyirik”, - Qriqoryan qeyd edib.
Xatırladaq ki, yanvarın 23-də Aİ ölkələrinin xarici işlər nazirləri Ermənistana iki illik mandatla göndəriləcək yeni mülki missiyanın formalaşdırılmasını təsdiqləyiblər. Aİ-nin Ermənistandakı uzunmüddətli mülki missiyasına ekspertlər və avropalı müşahidəçilər də daxil olmaqla 100-ə yaxın adam daxildir. Missiyanın məqsədi Ermənistanın sərhədyanı ərazilərində sabitliyi təşviq etmək, yerlərdə etimad yaratmaq və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması səyləri üçün əlverişli mühiti təmin etməkdir.
Turan İSMAYIL