"Ermənilər İrana arxayın olub, daha öldürücü zərbələr alacaq" - Deputatdan AÇIQLAMA

 18:54 15.02.2023     645

Xəbər verdiyimiz kimi, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, Ermənistan hökuməti hazırda Azərbaycanla sülh sazişi layihəsinin yeni variantı üzərində işləyir və yaxın vaxtlarda onu Bakıya təhvil verəcək.

Eyni zamanda, dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib. Görüşdə Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin hazırlanması üzrə danışıqlar prosesi barədə fikir mübadiləsi aparılıb.

Həmçinin İlham Əliyev fevralın 14-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib. Telefon söhbətində Azərbaycan-Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin təmin olunması məqsədilə ardıcıl tədbirlərin görülməsinin əhəmiyyəti qeyd edilib. Bu kontekstdə Rusiya, Azərbaycan və Ermənistan arasında yüksək səviyyədə əldə olunmuş müvafiq razılaşmaların qeyd-şərtsiz yerinə yetirilməsinin vacibliyi vurğulanıb.

Eyni gündə verilən açıqlama, keçirilən görüş və telefon zəngindən belə nəticə çıxarmaq ola bilərmi ki, Azərbaycan və Ermənistan sülh müqaviləsini imzalamağa yaxındır?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Elman Məmmədov qeyd etdi ki, Azərbaycan sülh sazişinin bağlanması üçün təkliflərini hələ bir il bundan öncə Ermənistana, Rusiyaya və Avropa İttifaqına verib.

"5 bənddən ibarət təkliflərimizi biz Azərbaycan tərəfi olaraq vermişik və Azərbaycanın verdiyi təkliflər beynəlxalq hüququn bütün tələblərinə uyğundur. Ancaq bu müddət ərzində ermənilər müxtəlif bəhanələr gətirərək, müxtəlif təxribatları törədərək, müxtəlif qeyri-konstruktiv şərtlər irəli sürərək bizim təkliflərimizi qəbul etməyib. Əlavə özlərinin ağılına gələn, Azərbaycan üçün qəbul olunması qeyri-mümkün olan şərtlər irəli sürdülər. Bu gün də onların bəhs etdikləri, tərtib etdikləri o təkliflər ki var, bu da tam cəfəngiyatdan başqa bir şey olmayacaqdır. Yəni bunlar qəbul olunması qeyri-mümkün olan, Azərbaycanın zərərinə olan şərtlər irəli sürürlər. Bunu da təbii ki, Azərbaycan qəbul etməyəcəkdir. İndi bir məsələni onlar unudurlar ki, cənab prezidentimizin dediyi kimi, yəni sülh sazişini bunlar istəmirlərsə, imzalamırlarsa, heç lazım da deyil. Sülh sazişinin imzalanması bu gün hamıdan çox Ermənistana lazımdır. Çünki Ermənistan əgər normal yaşamaq, dövlət kimi yaşamaq istəyirsə, inkişaf eləmək istəyirsə, onun üçün mövcud olan bu problemlərdən xilas olmaq istəyirsə, sülh sazişini Azərbaycanın verdiyi təkliflər əsasında imzalamalıdır. Ermənistanın başqa çıxış yolu yoxdur. Yəni burada onlar bu gün Azərbaycan ərazisinin Qarabağ bölgəsində yaşayan ermənilərlə bağlı Azərbaycanın qəbul etməyəcəyi şərtləri irəli sürürlər. Başqa cürbəcür şərtlər irəli sürürlər. Zəngəzur dəhlizi ilə bağlı şərtlər irəli sürürlər. Bu təkliflərin hazırlanmasında təbii ki, Ermənistan tək deyil. Bu təklifləri tək hazırlamır. Bu təklifləri Fransa və İranla birlikdə hazırlayır" - deyə həmsöhbətimiz bildirdi.

Deputatın fikrincə, Ermənistan arxayındır ki, bu iki cinayətkar dövlət onları müdafiə edəcək, qoruyacaq. Onların təsiri altında Azərbaycan guya ki, onların şərtlərini qəbul edib, onların verdiyi təkliflər əsasında sülh sazişi imzalayacaq:

"Bu, heç vaxt olmayacaqdır. Yəni bu, ermənilərin xam xəyallarıdır. Bu gün biz nə gözləyirik? Ermənilərin qarşısına qoyduğu əsas tələblərimiz nədən ibarətdir? 10 noyabr 2020-ci ildə üç dövlətin rəhbərinin imzaladığı sənəddə tələblərə əməl olunması, ondan sonra 2021-ci ildə imzalanmış sənədlər var. Həm Rusiya-Azərbaycan-Ermənistan, həm Avropa İttifaqı-Azərbaycan-Ermənistan arasında imzalananbəyanatlara əməl olunmasından söhbət gedir. Ermənistan bunların heç birisini etmir, heç birisinə əməl etmir. Çox təəssüf ki, nə Rusiya tərəfi, nə Avropa tərəfi bunları məcbur eləmək fikrində deyillər ki, bu imzaladığınız sənədlərin tələblərinə əməl edin, götürdüyünüz öhdəlikləri yerinə yetirin. Bu bilirsiz nəyə bənzəyir? Bizim torpaqlarımız 30 il müddətində işğal altında oldu. Həmin dövrdə də elə bu dövlətlər Amerika Birləşmiş Ştatları, Fransa, Rusiyanın üzv olduğu ATƏT-in Minsk qrupu deyilən cinayətkar qurum və başqa qurumlar elə bugünkü oyunu oynayırdılar. Onlar da Ermənistanın nazıyla oynayırdı ki, “Yox, biz Ermənistanı məcbur edə bilmərik”. Bu gün də təxminən həmin vəziyyətdir. Ancaq mənə belə gəlir, Ermənistan Azərbaycanın verdiyi ədalətli, haqlı tələblər əsasında sülh sazişinin imzalanmasına məcbur olacaqdır. Hələ bu gedişlə, bu sülh sazişinin imzalanması yaxın vaxtda hesab eləmirəm ki, baş tutacaq. Çünki bu gün həmin sülh sazişinin imzalanmasına dünya dövlətləri içərisində ən çox maneçilik törədən İran İslam Respublikasıdır. İran İslam Respublikasının Ermənistanla birlikdə bizim üçün hazırladıqları növbəti təxribatlar, oyunlar erməniləri bir növ arxayınlaşdırır. Nə isə onlara vəd olunur. Ancaq hesab edirəm ki, ermənilər əvvəl kimlərə arxayındırlarsa, indi İran İslam Respublikasının fitvalarına, vədlərinə arxayın olub elə 44 günlük müharibədə aldıqları zərbələrdən daha öldürücü zərbələr alacaqlar. Onda bəlkə ağılları başlarına gələ. Hələ ki, vəziyyət qeyri-müəyyən formadadır".

Həmidə İbrahimova