"Ermənistan Azərbaycana yeni sülh müqaviləsi göndərib" - Paşinyan
"Fevralın 15-də Ermənistan Azərbaycanla sülh müqaviləsi üzrə işin növbəti mərhələsini başa vurub və yeni təkliflərini Bakıya yollayıb".
Redaktor.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
Onun sözlərinə görə, söhbət Ermənistanın təkliflərinin əks olunduğu tam müqavilənin layihəsindən gedir və sənəd ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə də təhvil verilib.
"Biz layihə üzərində işləyərkən hər an imzalamağa hazır olduğumuz sənədi əldə etmək məntiqini əsas götürürük. Təbii ki, sənəd Azərbaycan üçün də məqbul olmalıdır. Amma ümid edirik ki, üç il ərzində müəyyən irəliləyişlər əldə olunub və danışıqların növbəti mərhələləri hazırlanacaq”, - Paşinyan əlavə edib.
Baş nazirin sözlərinə görə, əsas odur ki, imzalanma dayanıqlı sülhə gətirib çıxarsın.
Bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Ermənistan tərəfi Azərbaycanın sülh müqaviləsi ilə bağlı təkliflərini alıb. Fevralın 14-də isə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib ki, Ermənistan Azərbaycanla sülh müqaviləsinin mətni üzərində işləyir və onu yaxın vaxtlarda təhvil verəcək.
Tunar Altunbay