"Xankəndiyə daxil olmaq üçün hansısa hərbi qüvvələr planı hazırlanır" - Zahid Orucdan ilginc AÇIQLAMA
Xəbər verdiyimiz kimi, yanvarın 23-də Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Ermənistana iki illik mandatla göndəriləcək yeni mülki missiyanın formalaşdırılmasını təsdiqləyiblər. Rəsmi açıqlamaya görə Aİ-nin Ermənistandakı uzunmüddətli mülki missiyasına ekspertlər və avropalı müşahidəçilər də daxil olmaqla 100-ə yaxın adam daxildir. Missiyanın məqsədi Ermənistanın sərhədyanı ərazilərində sabitliyi təşviq etmək, yerlərdə etimad yaratmaq və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması səyləri üçün əlverişli mühiti təmin etməkdir. Fevralın 20-də isə Fransadan 8, bəzi məlumatlara görə 70 jandarmanın daxil olduğu Aİ missiyası Ermənistanda (Azərbaycanla sərhəddə) işə başlayacaq.
Qeyd edək ki, Azərbaycanın narazı qaldığı bu məsələdən Rusiya da çox narahatdır. Belə ki, Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Aİ müşahidəçilərinin peyda olması Cənubi Qafqaz regionuna geosiyasi qarşıdurma gətirə bilər.
Bəs, Rusiya Aİ missiyanın bölgədən çıxarılması üçün Ermənistana hansı təsirləri göstərəcək?
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirdi ki, Avropa İttifaqının belə qərar çıxarması regional gərginliyi artıran, sülh danışıqlarına zərbə vuran, bölgədə beynəlmiləl savaşı genişləndirən və Rusiya-Ukrayna müharibəsi zəminində qlobal döyüşləri, qarşıdurmanı sanki coğrafi olaraq qafqazlara keçirməyə xidmət edən addımdır.
Onun sözlərinə görə, Vətən müharibəsində qələbədən sonra Azərbaycan regionda militaritləşmə, yeni əraziləri tutma, müxtəlif dövlətlərə qarşı müharibə elan etmək kursu seçmədi:
"Əksinə, bildirdi ki, biz Ermənistanla sülhə hazırıq. Bu, onlar üçün təklif oluna biləcək ən mühüm ideya, mövqe, baxış idi. Hətta mən deyərdim ki, bir xilas yolu idi. Ancaq əvəzində bu müddət ərzində danışıqlar parçalandı. Rusiya moderatorluğuna paralel Qərb platforması da yarandı. Amma Şarl Mişel bu işlərdə aktiv rol alarkən səmimi mövqe göstərdi. Ona görə də ölkə rəhbəri tərəfindən prosesə müsbət qatqı oldu. Lakin sonrakı dövr Fransanın bu siyasətdə aktiv iştirakının arxasında müxtəlif hərbi, geosiyasi, iqtisadi maraqlar dayandığına görə, ortada sülh danışıqlarının və ona aid olmayan hərəkətlərindən sanki Minsk qrupu məhv oldu. Bu, elə bizim apardığımız müqəddəs müharibənin ən mühüm nəticələrindən biridir. Onu başqa libas altında dirçəltmək lazımdır və yollarından biri isə o cür monitorinq missiyalarıdır ki, bu həm Birləşmiş Ştatların, həm də Fransanın birlikdə məxfi planı idi. Mən deyə bilərəm ki, 2021-ci ilin aprelində Nikol Paşinyan Fransada Müdafiə Nazirliyi ilə görüş keçirərkən bölgəyə bilavasitə hərbi qüvvələrin gətirilməsi məsələsi danışıqlarda yer almışdı. Çünki biz bu mövzunu təqib etmişik, onu dərindən araşdırmışıq və mən bunları faktlar üzrə sizə söyləyirəm. Məsələ qeyd etdiyimiz dövrün aprel ayında gerçəkləşmişdi. Ondan sonra 2022-ci il ərzində biz Fransa tərəfindən, bir yandan onun Senatı və yaxud Assambleya vasitəsilə 2020-ci ilin dekabrında bədnam qərarlar və qətnamələrin davamını gördük. Eyni zamanda xarici siyasət idarəsi vasitəsilə belə basqılar edilməyə başladı ki, onlar bölgəyə Rusiyanın bir məkanı kimi baxmırlar. Yəni Azərbaycan-Ermənistan müharibəsi qəfil baş verdiyindən Qərb dairələri burada macal tapmayıblar ki, müxtəlif formalarda iştirak etsinlər. Rusiya qüvvələri isə sülhməramlı missiyada gəlib Xankəndidə yerləşib, əvəzində onlar sanki buradan çıxarılıblar. Bu üzdən dediyimiz məxfi ssenari işə düşdü. Amma Azərbaycan dövləti, onun lideri qeyd etdiyimiz proseslərə çox ciddi müqavimət göstərdi və Praqa danışıqları 2022-ci ilin oktyabrın 6-da reallaşdı. O zaman bu məsələ fəal bir şəkildə Azərbaycanın qarşısına qoyulurdu və biz razılıq verək ki, qoy müxtəlif dövlətlər öz hərbi qüvvələrini gətirib sərhəd boyunca düzsünlər. Hansı ki, heç hələ delimitasiya və demarkasiya da reallaşmayıb. Onu da xatırladaq ki, Rusiya baş nazirinin müavini faktiki olaraq bilavasitə predmetli danışıqlar üzərində tərəflərlə fəal görüşlərdə idi və az qala diplomatik tanımaya gedib çıxacaq bir sürət başlanmışdı. Ermənistan da burada maraqlı olduğunu göstərməkdə idi. Hətta Azərbaycan sülh prinsiplərini elan etdi, bunun üzərinə məxfiliyi götürdü və onlar dünyada qəbul olunmuş normalar və prinsiplərdir. Belə şəraitdə biz həm siyasi, həm iqtisadi, həm beynəlxalq, informatik, diplomatik, o cümlədən bax bu cür hərbi həmlələrin şahidi olduq".
Deputatın fikrincə, Ukrayna müharibəsində tanklarını, toplarını dronlarını gətirib ukraynalılara verən və bununla da müharibəni 10 gündən sonra bir ilə gətirib çatdıran Qərb bloku Qafqazda da Ermənistanın yanında yer alan bir xətti seçdilər:
"İndi sizin söylədiyiniz artıq jandarm qüvvələri onların tərkibindədir və xatırladaq ki, əslində onların kiçik bir tərkibi iki aylıq bir dövrdə missiya olaraq regiona gəldilər. O dövrdə Ararat Mirzoyan bir neçə dəfə bəyan etdi ki, onlar arzu etdikləri problemləri fiksasiya ediblər. Yəni Azərbaycan tərəfindən atılmış hər hansı bir cavab atəşini bizim hücumumuz, Ermənistanın təhdidi, İrəvanı ələ götürmək niyyəti kimi qələmə alaraq orada da müxtəlif köhnə dağıntıları, Azərbaycanın hərbi zərbələrinin aktı kimi dəyərləndirməklə məqsəd o idi ki, Azərbaycana qarşı ATƏT və Avropa Birliyi çərçivəsində qərarlar qəbul etsinlər. Sonra onu BMT müstəvisinə qaldırsınlar, hansı ki, Fransa ən azı üç dəfə buna cəhd edib. Sonra BMT qətnamələri ilə real olaraq bölgəyə hərbi qüvvələrin göndərilməsinə zəmin olsun. Yəni Ermənistanın bu cür himayəsi, belə demək mümkünsə, vaxtilə Boris Qrızlov demişdi ki, Ermənistan Rusiyanın forpostudur. İndi Vətən müharibəsində qələbədən sonra bizim mühüm tarixi nailiyyətlərimizdən biri də odur ki, 100 illər ərzində ermənilərin Rusiya çarizmindən və yaxud da ki, sovetlərdən burada ön cəbhə funksiyası, missiyası sona çatdı. Amma əvəzində İrəvan indi Qərbin forpostuna çevrilir. Jandarm qüvvələri o deməkdir ki, yerdə qalan 100 nəfər, 130 nəfər, əslində ümumi tərkib 200 nəfərdən ibarətdir və onlar da guya mülki adamlardır, amma hamısı casus, kəşfiyyat təmsilçiləridir. Əlbəttə ki, onları Tovuzdan, Qazaxdan Naxçıvana qədər sərhəd boyunca bir nəfər timsalında düzməklə nəyəsə nail olmaq mümkün deyil. Amma real mənzərədə biz buna təhlükə faktoru kimi ona görə yanaşırıq ki, onlar bölgədə, bir tərəfdən Rusiyaya qarşı cəbhə açmaq üçün, ikinci Türkiyə üçün, üçüncü İran əleyhinə, o cümlədən başlıca olaraq Azərbaycanla bağlı proseslərə NATO-nu cəlb eləmək niyyətinə gəlirlər. Yəni ssenarinin üzərində əsas məqsəd Brüssel, Vaşinqton tərəfindən planlaşdırılan bir niyyətlərdir. Əsas məqsəd ondan ibarətdir ki, NATO gələcəkdə Ermənistan-Azərbaycan münasibətlərinə müdaxilə etsin. Mən bunu belə deyirəm artıq hələ ki, söhbət müharibədən getmir. Bax, niyyət odur. Bunun üçün zəmin hazırlayırlar. Lakin Azərbaycan Göyçə dağlarından Zəngilana qədər, Zəngəzur dəhlizi yoluna qədər öz hərbi qüvvələrini orada möhkəmləndiribdir. Punktlar qrubdur. Strateji yüksəkliklərə nəzarət edir. Bu şəraitdə cənab Prezidentin qeyd etdiyi İrəvan və Göyçədə bütün o ərazilərdə hər bir hərəkəti biz müşahidə altında saxladığımız təqdirdə 200, yaxud 100 nəfər rəsmən elan olunmuş müşahidəçi bizimlə qarşılıqlı sipər rolunda çıxış edə bilməz".
Z.Orucun sözlərinə görə, məqsədlərdən biri Gümrü hərbi bazasından Rusiya qüvvələrini çıxarmaq, orada Fransa qüvvələrini yerləşdirmək və ardınca onları sərhədlərə doğru gətirməkdir.
"2005-ci ildə və 2010-cu ildə Azərbaycanın sərt tələbləri ilə şahidi olmuşduq ki, işğal olunmuş ərazilərdə ermənilərin cinayətlərini müşahidə etmək üçün bir monitorinq missiyası gəlmişdi. Lakin o zaman biz həmin missiyanın ortaya qoyduğu aktın, yəni hər hansı bir hesabat sənədinin içərisində yeddi rayonun yer üzündən silindiyi barəsində bir cümlə belə görməmişdik. Bəs necə ola bilər ki, biz indi üzərindən 10 illər keçəndən sonra həmin monitorinq qrupunun çox ədalətli olacağını və bizi hər açdığımız atəşə görə düzgün, əsaslı olaraq bunu öz sənədlərinə qeyd edəcəklər. Buna kimisə inandırmaq mümkündür? Ümumiyyətlə, 100 nəfəri kim seçib? Mandatı harda veriblər? Nə dərəcədə şəffafdırlar və ədalətlidirlər? Həmin şəxslərin adları kimlərdən ibarətdir? Hərbçi olmadıqlarına bizi necə əmin edə bilərlər? Hətta ATƏT özü də bir nümayəndə təyin eləmişdi. Həmin şəxs polşalı hərbçi idi. Gizlətmədilər ki, Azərbaycana bir missiyanı az qala ATƏT də göndərmək istəyirdi. Amma görünür ki, o, hərbi həmlələrin siyasi, diplomatik hücumların qarşısını Azərbaycan aldı. Ona görə də Rusiyanın siz mövqeyini burada əsaslı olaraq göstərdiniz ki, məqsədlərdən biri Gümrü hərbi bazasından Rusiya qüvvələrini çıxarmaq, orada Fransa qüvvələrini yerləşdirməkdir, ardınca onları sərhədlərə doğru gətirməkdir. Heç şübhəsiz İranın səhv siyasəti və Azərbaycana qarşı olan basqıları ona gətirib çıxarır ki, Avropa qüvvələri, Qərb dairələri öz hərbi müşahidəçilərini gətirib onların sərhədlərinə çıxarıblar və bunun da zərbəsini yaşayacaqlar, görəcəklər. İndi yalnız İsraildən bəhs edib Azərbaycanla bağlı, necə deyərlər, genişmiqyaslı kampaniya keçirirlər, amma əvəzini öz qarşılarında daha təhlükəylə görəcəklər. Ona görə də yekun olaraq hesab edirik ki, məqsəd bu prosesləri apararkən sonda Xankəndiyə də daxil olmaq üçün hansısa hərbi qüvvələr planı hazırlamaqdır ki, orda ermənilərin təhlükəsizliyini qorusunlar. Gördüyünüz kimi, çoxbaşlı, çox komponentli, belə bir mürəkkəb, amma son dərəcə amansız və təhlükəli bir ssenarilər oynanılmaqdadır. Əminəm ki, dövlətimiz bu prosesləri dərindən görür, bilir və ona adekvat öz siyasətini yürüdür. Heç şübhəsiz ki, qardaş Türkiyənin baş vermiş ağır fəlakətli zəlzələyə, onun nəticələrinə ən sürətlə, qısa bir zamanda aradan qaldırılmasına inanaraq və burada xalqımızın 10 milyonluq hissəsinin könüllü və xilaskar olduğunun ruhundan çıxış edərək, əminəm ki, qətiyyən bu dövlətlərin gücü sarsılmayacaqdır. Birliyinə zərbə vurulmayacaqdır. Və biz ən yaxın zamanlarda iki illik müddət üçün gələn qüvvələrin fəaliyyətinə ehtiyac olmadığını və onların bu təhlükəli ssenarilərinin özlərinə qarşı çevrildiyini də görəcəyik" - deyə komitə qeyd etdi.
Rusiyanın Ermənistana necə təsir edəcəyindən danışan millət vəkili onu da vurğuladı ki, Rusiya bunun onların əleyhinə bir proses olduğunu anlayır:
"Rusiya bunu hiddətlə qarşılayıbdır, çünki yaxşı dərk eliyir ki, bu onların əleyhinə bir prosesdir və 100 illər ərzində bölgədə qərarlaşmış bir dövləti onun hərbi dayaqlarını sarsıtmağa xidmət edir. Faktiki olaraq, yəni bu siyasətə qarşı tədbirlərini Paşinyan hakimiyyətinə təzyiqlər göstərməkdədirlər. Ancaq indiki halda onun devrilməsi üçün də ssenarilərə tam da imza verilməyibdir. Ona görə də şübhəsiz ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan bir dövlət gedib az qala NATO-dan yardım istəyir. Bu, nonsensdir. Faktiki olaraq Ermənistanın xarici siyasət kursunun iflası deməkdir. Bunlar özünü 100 il bundan əvvəl Rusiya çarlarından müharibədə məğlub olduqdan sonra Amerika prezidenti Vudro Vilsondan yardım, dəstək və arbitraj qərarı alan qüvvələr kimi aparırlar. Təəssüf olsun ki, bu cür tarixdən qətiyyən nəticə çıxarmayıblar. Nə qədər ki, müxtəlif imperiyaların və qütblərin maraqlarına xidmət ediblər, ermənilər ondan ziyan çəkiblər. Ona görə də Kreml tərəfindən Ermənistana bu qeyd etdiyimiz addımlar üzrə təzyiqlər dərinləşəcəkdir. Baxmayaraq Paşinyan yəqin izah edirdi ki, onların maliyyə resursları çox aşağı vəziyyətdədir. Avropa Birliyi isə 2,6 milyard avro vəsait vəd edibdir. Bunu almaq üçün belə manevrlər edir. Əslində isə o, Moskvaya sədaqətlidir. Yəqin ki, bağlı qapılar arxasında söhbət bu istiqamətdə gedir. Ancaq mən qəti şəkildə əminəm ki, biz qarşımızda bir neçə ay içərisində İrəvanda daha sərt və həlledici fazaya keçən mübarizələri görəcəyik. Burada çevriliş cəhdləri də, sui-qəsdlər də və digər əməliyyatlara da gedilə bilər. Xalqın müəyyən hissəsinin meydanlara daha fəal çıxarılması, onların silahlandırılması, ordu qüvvələrinin müəyyən bir hissəsinin prosesə cəlb edilməsi öz-özlüyündə elə dediyimiz o xarici müdaxilə üçün əsas olacaqdır. Yəni Ermənistan özünü əgər bu gün Qərb və Rusiyanın bir toqquşma meydanına çevirirsə, avtomatik bu o deməkdir ki, özünə Hələb və yaxud da ki, Dəməşq taleyini arzulayır. Ya da ki, Liviyanın vəziyyətini. Halbuki biz regionda sülh erasından bayaq danışdıq və çox ümidvarıq ki, İrəvana da təhlükəsizliyi və sülhü elə Azərbaycan dövləti və onun xalqı bəxş edəcəkdir".
Həmidə İbrahimova