Deputat Qərbin Azərbaycanla bağlı təhlükəli planından DANIŞDI: "Sərhədə Almaniya və Fransanın hərbi qüvvələri yerləşdirilir"
Xəbər verdiyimiz kimi, Almaniya polisi Ermənistan-Azərbaycan sərhədində patrul xidməti həyata keçirəcək. Silahsız polis əməkdaşları Ermənistan tərəfdə xidmət aparacaq.
Bu barədə Almaniya Nazirlər Kabinetindən bildirilib. Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit bildirib ki, Avropa İttifaqının (Aİ) beynəlxalq missiyasına Avropanın müxtəlif ölkələrindən olan 100 polis daxil olacaq. Onlardan maksimum 15 nəfər Almaniyadan olacaq. Avropalı müşahidəçilərin missiyası fevralın 20-də başlayacaq.
Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, Avropa İttifaqının qəbul etdiyi qərara uyğun olaraq Ermənistana gedəcək monitorinq missiyasının tərkibinə 15 polis nümayəndəsini daxil etməsi vəziyyətin daha da gərginləşməsinə səbəb ola bilər.
Onun sözlərinə görə, əslində artıq bu missiyanın monitorinq missiyasından daha çox hərbi missiyaya çevrilməsinin göstəricisi hesab edilə bilər:
"Ona görə ki, 70 Fransa jandarmının üzərinə 15 nəfər də Almaniya polisinin nümayəndəsini gəldikdə, bu, təqribən müşahidə missiyasının mütləq əksəriyyətini təşkil etmiş olur. Belə olan halda artıq bu, müşahidə monitorinq missiyası statusundan da kənara çıxmış olur. Yəni biz rəsmən regiona monitorinq missiyası adı altında NATO-ya üzv olan ölkələrin hərbi kontingentinin daxil olduğunu müşahidə edirik. Bu isə Qafqazda onsuz da gərgin olan münasibətlərin daha da gərginləşməsinə gətirib çıxara biləcək. Çünki hər şeydən öncə Cənubi Qafqaz bütövlükdə vahid təbii coğrafiyadır və burada hər hansı bir hərbi missiyanın yerləşməsi heç şübhəsiz ki, bütün Cənubi Qafqaz ölkələri ilə razılaşdırılmalıdır, ya da Cənubi Qafqazın hər hansı bir ölkəsinə yerləşdirən bir missiya mütləq digər ölkələrin də probleminə çevrilə bilər".
Deputatın fikrincə, bu hadisə Ermənistanın sülhlə bağlı təxribatçı mövqeyinin həm də dəstəklənməsi hesab edilə bilər:
"Çünki missiyanın mövcud olduğu müddət ərzində əlbəttə ki, daha uzun müddətdə mövcud olması istəyi yaranacaqdır. Avropa İttifaqına üzv olan ölkələr də, Fransa da eyni zamanda artıq Almaniya da bununla bağlı qərar qəbul ediblər. Deməli, onlar bu missiyanın da başa çatmasında maraqlı olmayacaqlar. Nəticə etibarilə Cənubi Qafqaz kimi strateji rayonda Almaniya və Fransanın artıq hərbi qüvvələri yerləşdirilir və əlbəttə ki, onlar bu cür geostrateji rayondan maksimum gec çıxmağa və yaxud məcbur olmadıqca çıxmamağa səy göstərəcəklər. Bu isə əlbəttə, o deməkdir ki, Ermənistan və Azərbaycan arasında da sülh imzalanmasını maksimum müddətə ləngidəcəkdir. Çünki Ermənistan və Azərbaycan arasında sülh imzalanarsa, artıq o sərhədlərin delimitasiyası, demarkasiyası demək olacaqdır və belə olan halda heç bir sərhəddə də monitorinq missiyasına ehtiyac qalmayacaqdır. Bu məsələnin çox ağrılı tərəfi və çox ciddi tərəfi bundan ibarətdir ki, göndərilən missiya sülhə xidmət etmir. Daha dəqiq desək, tam əksinə, sülhün əldə olunmamasına xidmət edir ki, bu da regiona yaxşı heç nə vəd etmir".
Həmidə İbrahimova