"Avropa İttifaqının Ermənistana missiya göndərməsi yanlışdır" - İsrailli sabiq nazir

 15:53 16.02.2023     335

Avropada ictimai rəyin formalaşmasında aparıcı mənbələrdən sayılan “Modern Diplomacy” media platformasında “Avropa İttifaqının Rusiya ilə mübarizə aparması üçün ən yaxşı yol hansıdır?” sərlövhəli məqalə dərc olunub.

Redaktor.az xəbər verir ki, İsrailin sabiq rabitə, peyk və kibertəhlükəsizlik naziri, İqtisadi Sülh Mərkəzinin prezidenti, tanınmış siyasətçi və politoloq Ayub Karanın qələmə aldığı məqalədə qeyd edilir ki,  Aİ-nin Ermənistandakı missiyasının Azərbaycanla Ermənistan arasında dinc münasibətlərin qurulması ilə heç bir əlaqəsi yoxdur. Əslində azərbaycanlılar ideoloji cəhətdən bu missiyaya qarşı çıxır, sözügedən addımın Aİ-nin hər hansı missiyasının müvəqqəti olacağı və bir neçə ay davam edəcəyi ilə bağlı Praqada daha əvvəl əldə edilmiş razılaşmanı pozduğunu iddia edirlər. Bundan əlavə, onlar Aİ-nin 2000 nəfərlik kontingentinin Ermənistana göndərilməsinin əleyhinədirlər və bildirirlər ki, bu addım Azərbaycanla Ermənistan arasında münaqişənin həllindən daha çox Rusiyanı regiondan sıxışdırıb çıxarmağa hədəflənib. Başqa sözlə, müəllifin fikrincə, Ermənistan Aİ-nin Rusiyanın təsirini zəiflətmək siyasətində, sadəcə, alətdir.

Sabiq nazir hesab edir ki, azərbaycanlılar Laçın dəhlizi boyu Ermənistanın ekosid siyasəti əleyhinə etiraz aksiyası keçirirlər və bu, regionu kifayət qədər gərginləşdirib. Yaranmış vəziyyətdə Aİ-nin hətta Rusiyanın təsirini tarazlaşdırmaq üçün belə tərəflərdən birinin köməyinə gəlməsi gərginliyi daha da gücləndirəcək və bununla da münaqişənin alovlanmaqla yeni müharibəyə çevrilməsi riski artacaq.

Qeyd olunub ki, göstərilən səbəbdən Aİ odun üstünə yağ tökməməli, erməniləri öz böyük oyununda piyada kimi istifadə etməkdənsə, Rusiyanın təsirinə qarşı durmağın başqa yollarını tapmalıdır. Bu səbəbdən Aİ Ermənistanda missiya yaratmaqla səhvə yol verib, çünki bu, Rusiya sülhməramlı missiyasının yaradılmasına razılıq verən Azərbaycan və Ermənistan arasındakı razılaşmaya ziddir. Rusiyanın sülhməramlı missiyası qüsurlu olsa da, yalnız bir münaqişə tərəfinin razılığı ilə Rusiyanı zəiflətmək siyasəti regionda sülh və sabitliyə töhfə vermir, əksinə, bütün azad dünya üçün təhdid yaradır. Qeyd olunanlara əsaslanan sabiq nazir Aİ-ni sözügedən missiyanın zəruriliyi məsələsini yenidən nəzərdən keçirməyə çağırıb.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://moderndiplomacy.eu/2023/02/14/what-is-the-best-way-for-the-eu-to-fight-against-russia/