Vardanyanı gizlicə Moskvaya aparıb gətirənlərə inana bilmərik - Deputatdan Rusiyaya ETİRAZ
"Rusiya Dumasının spikeri Volidinin Paşinyanla komandasındakılara ölkələrini itirə biləcəkləri xəbərdarlığı çox düşündürücü idi. Öncə onu deyək ki, cənab Prezidentin də dəfələrlə vurğuladığı kimi bizim Ermənistana qarşı belə bir planımız yoxdur və olmayıb.
Və biz çox istərdik ki, İrəvan xanlığının torpaqlarında yeni hay diasporunun yaranmasına yol açan Türkmənçay anlaşmasının 195-ci ildönümündən cəmisi 3 gün keçmiş Rusiya siyasi isteblişmentinin önəmli təmsilçilərindən birinin bu sözlərinin arxasında Ermənistana kimin forpostu olduğunu unutmaması deyil də onu sülhə təşviq niyyəti durardı".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sahib Alıyev bildirib.
O, qeyd edib ki, Volodinin adını çəkdiyi Avropa təsisatları, o sıradan da Ermənistana öz jandarmalarını göndərənlər heç də burada sülhün olmasında maraqlı deyillər:
"Amma sual olunur ki, bəs dələduz Ruben Vardanyanı təkrar Xankəndiyə dartanlar necə, regionda qarşıdurmaların tez bir zamanda aradan qalxmasını istəyirlərmi? İstəyirlərsə, məhz həmən Vardanyanla, Harutyunyan Moskvaya çağrıldıqdan sonra separatçı rejimin yeni “vəzifə” dövriyyəsi oyununa başlaması, hərbi xuntanın digər təmsilçilərindən çox da fərqlənməyən Balasanyana qarşı cinayət işinin açılması nə ilə bağldır? Həmən Balasanyanın cinayətkarlığı indi üzə çıxdı, yoxsa bu onun Vardanyana Azərbaycanla ünsiyyət qurmaqdan başqa çıxış yollarının olmadığını deməsinə görədir?
Biz həmən Vardanyanı gizlicə Moskvaya aparıb gətirənlərin Laçın yoluyla Xankəndiyə indən sonra qanunsuz yük, mina, terrorçu və təxribatçılar daşınmasının qarşısını alacaqlarına inana bilərikmi? İnana bilərikmi ki, Laçın yolunda aksiya başladılanadək Ermənistandan Qarabağa mina, silah-sursatla birgə muzdluların, iranlı təlimatçıların, digər ünsürlərin gətirilməsindən Rusiyanın oradakı müvəqqəti hərbi kontingenti xəbərsiz olub? Belə görünür ki, yox!"
Bununla yanaşı Sahib Alıyev əmin olduğunu bildirib ki, Moskvada regionda mövqelərini qoruyub saxlamağın ən effektli yolunun Qarabağda hərbi mövcudluqlarından deyil, Qərbi azərbaycanlıların öz yurd yerlərinə dönməsinə yardımdan keçdiyini gec-tez anlayacaqlar.
"Onu da anlayacaqlar ki, Vardanyandan Dartanyan düzəltməyə çalışmaqla nə düzəldənlər, nə də düzəldilən məqsədinə çatasıdır", - deyə deputat vurğulayıb.
Turan İSMAYIL