Sərhəddə alman polisinin yerləşdirilməsi təxribat xarakteri daşıyan addımdır - Fəzail Ağamalı
Xəbər verdiyimiz kimi, Almaniya polisi Ermənistan-Azərbaycan sərhədində patrul xidməti həyata keçirəcək. Silahsız polis əməkdaşları Ermənistan tərəfdə xidmət aparacaq.
Bu barədə Almaniya Nazirlər Kabinetindən bildirilib. Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit bildirib ki, Avropa İttifaqının (Aİ) beynəlxalq missiyasına Avropanın müxtəlif ölkələrindən olan 100 polis daxil olacaq. Onlardan maksimum 15 nəfər Almaniyadan olacaq. Avropalı müşahidəçilərin missiyası fevralın 20-də başlayacaq.
Məsələ ilə bağlı Redaktor.az danışan Milli Məclisin deputatı Fəzail Ağamalı bildirdi ki, bu, Ermənistanın təkidi ilə reallaşan məsələdir. Onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyadan uzaqlaşaraq Avropaya qovuşmaqla onun himayəsinə keçmək niyyətini gizlətmir.
“Ermənistan bununla bağlı müxtəlif addımlar atır ki, bu da növbəti addımlardan biridir. Həm də kifayət qədər problem yaradan, təxribat xarakteri daşıyan addımdır. Düşünmürəm ki, bunun Azərbaycana bu və ya digər şəkildə xeyri, yaxud ziyanı olsun. Çünki əgər orada istənilən bir addım atılarsa, qəhrəman Silahlı Qüvvələrimiz, Sərhəd Qoşunlarımız lazım olan cavabı verəcək, çünki Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri toxunulmazdır", - deyə deputat vurğuladı.
Arzu İSMAYIL