Prezident Münxendə İtaliya şirkətinin rəhbəri ilə görüşdü - FOTO

 14:43 18.02.2023     241

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Münxendə İtaliyanın "Leonardo" şirkətinin baş icraçı direktoru Alessandro Profumo ilə görüşüb.

Redaktor.az xəbər verir ki, görüşdə Prezident İlham Əliyev Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq münasibətlərinin olduğunu qeyd etdi, İtaliyaya dövlət və rəsmi səfərlərini məmnunluqla xatırladı.

İtaliyanın Avropa İttifaqı məkanında ölkəmizin ən yaxın tərəfdaşı olduğunu deyən dövlətimizin başçısı son aylar ərzində İtaliyanın üç nazirinin Azərbaycana səfərinin əlaqələrimizin inkişafının real göstəricisi olduğunu vurğuladı, bu xüsusda ölkəmizin İtaliyanın aparıcı şirkətlərindən olan "Leonardo" şirkəti ilə əməkdaşlığa xüsusi önəm verdiyini qeyd etdi.

Azərbaycan Prezidenti müdafiə sənayesi sahəsində mövcud olan əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğuladı.

Prezident İlham Əliyev İtaliya ilə Azərbaycan arasında enerji sahəsində də əməkdaşlığın uğurla inkişaf etdiyini diqqətə çatdırdı, "Ansaldo Energia" şirkətinin ölkəmizdə 1280 MVt gücündə İstilik Elektrik Stansiyasının inşasında iştirakının bunun nümunəsi olduğunu qeyd etdi.

Prezident İlham Əliyev İtaliya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-qucuculuq işlərinə töhfə verdiyini vurğuladı.

"Leonardo" şirkətinin baş icraçı direktoru Alessandro Profumo Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq münasibətlərindən irəli gələrək, bu əməkdaşlığın inkişafına töhfə verməyə hazır olduğunu bildirdi. O, Azərbaycan ilə müxtəlif sahələrdə artıq əməkdaşlıq münasibətlərinin mövcudluğunu və müdafiə sənayesi sahəsində əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını dedi.

Alessandro Profumo Azərbaycan ilə təmasları bundan sonra da davam etdirəcəklərini bildirdi.

2