"Azərbaycan Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılmasına nail ola biləcək" - Politoloq

 17:30 20.02.2023     580

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev fevralın 18-də Münxendə Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə birgə görüşdən sonra televiziya kanallarına müsahibəsində bildirib ki, yaxşı olar, Ermənistan və Azərbaycan ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələrini Ermənistan-Azərbaycan sərhədində yaratsınlar.

"Biz bu təklifi vermişdik, bu gün rəsmən vermişik. Daha əvvəl bu təklif qeyri-rəsmi kanallar vasitəsilə çatdırılmışdır. Ermənistan tərəfindən hər hansı mövqe səsləndirilmədi. Yəqin ki, onlara bir qədər vaxt lazımdır bunu müzakirə etmək üçün.

Amma ilkin təəssüratımız belədir ki, həm Avropada, həm Amerikada bizim bu təklifimiz məntiqli hesab olunur. Bu, hər iki ölkə arasındakı əlaqələrin normallaşmasında da, əlbəttə ki, önəmli amildir. Çünki biz sərhədlərin delimitasiyası haqqında danışırıqsa, nəzarət-buraxılış məntəqələri olmadan bu, mümkün deyil. Biz kommunikasiyaların açılması haqqında danışırıqsa, əlbəttə ki, həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır. Bu gün Dövlət katibi Blinkenin iştirakı ilə keçirilən görüşdə mən bunu rəsmən təklif kimi irəli sürdüm. Ermənistan tərəfindən cavab gözləyəcəyik", - deyə Azərbaycan Prezidenti bildirib.

Dövlətimizin başçısının Ermənistan-Azərbaycan sərhədində ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələrinin yaradılması ilə bağlı irəli sürdüyü təklif barədə Redaktor.az-a danışan politoloq Qabil Hüseynlinin fikrincə, sərhəd keçid məntəqələrinin yaradılması dövlətin suverenliyinin ifadəsi deməkdir.

"Sərhədlərdə həm sərhəd keçid məntəqələri, həm də gömrük yoxlama məntəqələri yaradılır. Söhbət Laçın yolundan gedirsə, əgər burada da nəzarət-buraxılış məntəqəsi yaradlrasa, buradan Xankəndiyə kimin gəlib-getdiyini və Azərbaycanın milli maraqlarına zidd, düşmənçilik xarakteri daşıyan hərəkətlərin baş verməsini bir növ filtirləmək, yəni təmizləmək olacaq. Bu, çox vacibdir. Və zənnimcə, Azərbaycan buna nail ola biləcək. Ermənistan bunu müqavimətlə qarşılayır. Müxtəlif əsası olmayan fikirlər söyləyir. Ermənilər deyirdilər ki, əgər Zəngəzur dəhlizi və ya yolu çəkilsə, o yolda gömrük-sərhəd buraxılış məntəqələri düzəldəcəyik. O zaman da Azərbaycan Prezidenti İlham Əliyev söyləmişdi ki, eyni şeylər Laçın yolunda da tətbiq edilməlidir. İndi Azərbaycan bu istiqamətdə hərəkətlər edir. Münxen Təhlükəsizlik Konfransında da bu məsələ qaldırııldı. Üstəlik 44 günlük müharibənin sonunda qəbul edilmiş üçtərəfli müqavilədə də buna bənzər müddəalar öz əksini tapıb”, - deyə politoloq qeyd etdi.

Arzu İSMAYIL